Nazirlər Kabineti: İllik inflyasiya xarici və daxili amillərin, həyata keçirilən antiinflyasiya siyasətinin təsirindən azalıb
Ötən ilin birincü rübündən başlayaraq inflyasiya azalmağa başlayıb. İlin dördüncü ayından başlanan sabit enmə prosesi ilin sonunadək davam edib. Ancaq bununla belə, il ərzində ölkədə qiymətlərin bazar prinsipləri əsasında formalaşmasını qorumaqla inflyasiyanın işgüzar fəallığa və əhalinin sosial rifahına təsirlərini minimallaşdırmaq məqsədilə hökumət tərəfindən antiinflyasiya tədbirlərinin gücləndirilməsi istiqamətində tədbirlər davam etdirilib.
Fhnews.az Nazirlər Kabinetinin yaydığı məlumata istinadən xəbər verir ki, bu barədə “Antiinflyaisya tədbirləri və onun iqtisadi nəticələrinə dair” xüsusi bülletendə qeyd olunub.
Məlumata görə, qeyd olunan dövrdə daxili bazarda sağlam rəqabət mühitinin gücləndirilməsi, o cümlədən inhisarlaşma, bazarların bölüşdürülməsi, razılaşdırılmış qiymətlərin tətbiq edilməsi hallarının və qiymət manipulyasiyasının qarşısının alınması istiqamətində İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən mütəmadi olaraq nəzarət və monitorinq tədbirləri həyata keçirilib.
“Elektron monitorinq sisteminin qurulması və qiymət monitorinqinin daha optimal vəziyyətə gətirilməsi istiqamətində müvafiq işlər görülüb. Elektron monitorinqin əsas məqsədi uzunmüddətli dövrdə qiymətlərin izlənilməsinin daha operativ və şəffaf həyata keçirilməsinin, kağız daşıyıcılardan istifadənin azaldılmasının və ya tamamilə ləğv edilməsinin, digər informasiya sistemlərinə və ehtiyatlarına inteqrasiya edilməklə məlumatların əldə olunmasının və monitorinqinin əhatə dairəsinin genişləndirilməsinin təmin edilməsidir.
Cənab Prezidentin verdiyi tapşırıqlardan irəli gələrək Nazirlər Kabineti inflyasiya və qiymətlərə daimi nəzarət mexanizmlərini yaradılmasına başlayıb. “İnflyasiya və qiymətlər üzrə monitorinqin gücləndirilməsi istiqamətində əlavə tədbirlər barədə” (15 iyul 2023-cü il. 565s) Sərəncamla inflyasiya proseslərini və onun səbəblərini kəmiyyət və keyfiyyətcə qiymətləndirməyə imkan verən təhlil və monitorinq sisteminin daha da təkmilləşdirilməsi, eləcə də bu sahədə qurumlararası koordinasiyanın gücləndirilməsi məqsədilə geniş tərkibdə İşçi qrup yaradılıb. İşçi qrupun ötən ilin 14 dekabr tarixində keçirilmiş dördüncü iclasında “Qiymət İzləmə Tətbiqinin” əsas prinsiplərinə dair metodoloji çərçivə sənədi qəbul edilib. “Qiymət İzləmə Tətbiqi” sisteminin yaradılması nəticəsində idxal, topdansatış, pərakəndə, sahə va digər qiymət formalaşması nöqtələrində qiymətlərin artım dinamikasını izləməyə imkan verəcək, müvafiq dövlət qurumlarına vaxtında va çevik müdaxilələr etməyə şərait yaradacaq, infiyasiyanın tənzimlənməsində qurumlararası məlumat mübadiləsi və koordinasiyanı gücləndirəcək, məlumatlar əsasında potensial qiymət dəyişikliyi üzrə proqnozlar hazırlanacaq. Beləliklə, “Qiymət İzləmə Tətbiqi” bazarlarda qiymət sabitliyini qorumaq məqsədilə ölkə daxilində qiymət dəyişkənliyi nöqtələrini müəyyən etmək imkanı yaradıb”, - deyə məlumatda qeyd olunur.
Bülletendə həmçinin illik inflyasiyanın xarici və daxili amillərin, o cümlədən həyata keçirilən antiinflyasiya siyasətinin təsirindən azaldığı bildirilir. Vurğulanır ki, ticarət tərəfdaşları üzrə orta çəkili inflyasiyanın nisbətən azalması, dünya əmtəə bazarlarında qiymətlərin enməsi, beynəlxalq yükdaşıma xərclərinin pandemiyadan əvvəlki səviyyələrə qayıtması inflyasiyaya azaldıcı təsir edib.
“Profisitli tədiyə balansı şəraitində valyuta bazarında tarazlığın qorunması, manatın nominal effektiv məzənnəsinin möhkəmlənməsi, həyata keçirilən antiinflyasiya tədbirləri, qəbul edilmiş pul siyasəti qərarları inflyasiya təzyiqlərini yumşaldıb. O cümlədən, faiz dəhlizi parametrlərinin makroiqtisadi vəziyyətə uyğun dəyişdirilməsi, pul siyasəti alətlərinin adekvat tətbiqi və makroprudensial tələblərdə edilən dəyişikliklər məcmu tələbin izafi artımını məhdudlaşdırıb. 2023-cü ildə Mərkəzi Bankın pul siyasəti inflyasiyanın hədəf intervalına qaytarılmasına yönəlib. Pul siyasəti alətləri bank sisteminin likvidlik mövqeyi və qiymət sabitliyi üzrə risklər balansı nəzərə alınmaqla tətbiq edilib. Hesabat dövründə pul siyasətinin inflyasiyaya təsir imkanlarının artırılması istiqamətində islahatlar davam etdirilib. Artıq qeyd olunduğu kimi, Azərbaycanda inflyasiya 2023-cü ilin I rübündən sonra azalmağa başlayıb. Dövlət Statistika Komitəsinin məlumatına əsasən ötən ilin sonunda 12 aylıq inflyasiya 2,1 faiz təşkil etməklə hədəf (4±2 faiz) diapazonunun aşağı hissəsində formalaşıb. 2023-cü ildə orta illik inflyasiya birrəqəmli səviyyədə 8,8 faiz olub. Tənzimlənən qiymətlərin, həmçinin mövsümi xarakterli məhsulların qiymət dəyişimi nəzərə alınmadan hesablanan baza inflyasiyasının tempi də azalaraq dekabrda 2,3 faiz olub, inflyasiyanın bütün komponentləri üzrə azalma müşahidə edilib. Ümumilikdə, 2023-cü ilin dekabrında illik inflyasiya ərzaq məhsulları üzrə 0,8 faiz, qeyri-ərzaq məhsulları üzrə 2,7 faiz, xidmətlər üzrə isə 3,7 faiz təşkil edib. İnflyasiyanın makroiqtisadi və maliyyə sabitliyi üçün xələl gətirməyən həddə qorunması məqsədilə zəruri tədbirlər növbəti ildə də davam etdiriləcək”, - deyə xüsusi bülletendə vurğulanıb.
COP29 zolaqlarında yol nişanlarının...
COP29: İsrailin aerokosmik şirkəti...
İstanbulda I Enerji Forumu çərçivəsində...
Nazir Rəşad Nəbiyev İsrailin nəqliyyat...
Prezident Ərdoğan: Bakıda keçirilən...