23 noyabr 2024, şənbə Bakı, 13°C
IMG-LOGO

Müstəqillik dövründə Azərbaycan idmançıları heç bir Yay Olimpiya Oyunlarını medalsız başa vurmayıblar

16-08-2024
IMG

Müstəqillik dövründə Azərbaycan idmançıları heç bir Yay Olimpiya Oyunlarını medalsız başa vurmayıblar.

Fhnews.az xəbər verir ki, bu barədə Media Təhlil Mərkəzi (MTM) Beynəlxalq Olimpiya Komitəsinin rəsmi internet səhifəsindən əldə olunan məlumatlar əsasında apardığı təhlil zamanı məlum olub.

Medal sayına görə ən yüksək nəticə 2016-cı ildə, medalların əyarına görə ən yüksək nəticə isə 2012-ci ildə qeydə alınıb. Daha ətraflı qeyd etsək, idmançılarımız 2016-cı ildə Braziliyanın ikinci ən böyük şəhəri Rio-de-Janeyroda keçirilən Yay Olimpiya Oyunlarında 1 qızıl, 7 gümüş və 10 bürünc olmaqla 18 medal, 2012-ci ildə Birləşmiş Krallığın paytaxtı Londonda keçirilən Yay Olimpiya Oyunlarında 2 qızıl, 2 gümüş və 5 bürünc olmaqla 9 medal əldə ediblər. Cari ildə “Paris-2024” Yay Olimpiya Oyunlarında isə idmançılarımız 2 qızıl, 2 gümüş və 3 bürünc olmaqla 7 medal qazanıblar.

Müstəqillik dövründə idmançılarımız iştirak etdiyi 8 Yay Olimpiya Oyunları üzrə 9 qızıl, 16 gümüş və 31 bürünc olmaqla cəmi 56 medal əldə ediblər. Bu medalların tən yarısını güləşçilər qazanıb və medal sayına görə güləş idman növü ilk sırada qərarlaşıb. İndiyədək idmançılarımız Yay Olimpiya Oyunlarında güləş üzrə 28 medal əldə edib ki, bunun da 4-ü qızıl, 8-i gümüş, 16-sı isə bürünc olub.

Ən çox qızıl medal cüdo idman növü üzrə əldə edilib. Cüdoçularımız Yay Olimpiya Oyunlarında 3 dəfə fəxri kürsünün ən yüksək zirvəsinə qalxıblar. Lakin medalların sayına görə sıralamada cüdo idman növü üçüncü sırada yer alıb. Ümumilikdə cüdo üzrə 3 qızıl, 2 gümüş, 2 bürünc olmaqla 7 medal qazanılıb.

İkinci sırada isə 10 medal ilə boks idman növü qərarlaşıb. Boksçularımız indiyədək Yay Olimpiya Oyunlarında 2 gümüş və 8 bürünc medal qazanıblar ki, bu da əldə edilən bütün medalların 17,86%-ni təşkil edib.

Cənubi Qafqaz ölkələrinin müstəqillik dövründə Yay Olimpiya Oyunlarına lisenziya qazanan idmançılarının sayına baxsaq son 20 ildə Azərbaycan idmançılarının bu göstərici üzrə Cənubi Qafqazda lider olduğunu görə bilərik. Azərbaycanı təmsil edən idmançıların sayı “Atlanta-1996” Yay Olimpiya Oyunlarından “Rio-2016” Yay Olimpiya Oyunlarına qədər hər il artaraq 2016-cı ildə ən yüksək həddə çatıb. 2016-cı ildə Braziliyada keçirilən Yay Olimpiya Oyunlarında ölkəmizi 56 idmançı təmsil edib. Həmin ildə Yay Olimpiya Oyunlarında Gürcüstandan 40, Ermənistandan isə 32 idmançı mübarizəyə qoşulub.

Qeyd edək ki, “Paris-2024” Yay Olimpiya Oyunlarında ölkəmizi 48 idmançı təmsil edib. Sözügedən oyunlarda Gürcüstan 28, Ermənistan isə 15 idmançı ilə təmsil olunub. Gürcüstan və Ermənistanın bu göstəricisi müstəqillik dövründə qeydə alınan ən az lisenziya sayı hesab olunur.

Cənubi Qafqaz ölkələrini Yay Olimpiya Oyunlarında təmsil edən idmançıların müstəqillik dövründə qazandıqları ümumi medal sayını müqayisə etsək, Azərbaycanın 56 medalla ilk sırada yer aldığını görə bilərik. Gürcüstan 8 Yay Olimpiya Oyunlarında 47 medala, Ermənistan isə 22 medala sahib olub.

Qazanılan qızıl medal sayı baxımından Azərbaycan “London-2012” (32-ci) və “Sidney-2000” (34-cü) Yay Olimpiya Oyunlarında digər Cənubi Qafqaz ölkələrindən daha yuxarı pillədə qərarlaşıb.

Paylaş: