23 noyabr 2024, şənbə Bakı, 13°C
IMG-LOGO

Mədəniyyət Nazirliyi tərəfindən X “Gəncliyin səsi” Festivalı keçiriləcək

27-01-2024

Fevralın 1-dən 3-dək Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə ölkəmizdə Gənclər Gününə həsr olunmuş X “Gəncliyin səsi” Festivalı keçiriləcək.

Nazirlikdən bildirilib ki, “Gəncliyin səsi” festivalının keçirilməsində əsas məqsəd gənclərin yaradıcı sahəyə olan marağının artırılması, onların istedadının üzə çıxarılmasına xidmət edir.

Festival çərçivəsində həm Bakıda, həm də bölgələrdə silsilə tədbirlər həyata keçiriləcək.

X “Gəncliyin səsi” festivalı musiqi, teatr, rəssamlıq, dekorativ tətbiqi sənət sahələrini əhatə edəcək. Ölkənin aparıcı mədəniyyət müəssisələrində çıxış edəcək gənclər arasında musiqiçi, aktyor, rəssam, sənətşünas və modelyerlər yer alacaqlar. Bakı, Gəncə, Qax və Salyanda gənclərin iştirakı ilə konsert, kukla tamaşası, yaradıcı yarmarka, tematik sərgilər keçiriləcək. Builki festivalın prioritet istiqamətləri yaradıcı tələbələrin bu layihəyə cəlb edilməsidir. Belə ki, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti, Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyası, Azərbaycan Milli Konservatoriyası, UNEC, Azərbaycan Dövlət Rəssamlıq Akademiyası, Bakı Humanitar Kolleci, Abşeron rayonu Mehdiabad qəsəbə Uşaq Musiqi Məktəbinin gənc müəllim və tələbə heyəti X “Gəncliyin səsi” festivalı çərçivəsində silsilə tədbirlərdə iştirak edəcəklər.

Eyni zamanda, bu ilki festival çərçivəsində ilk dəfə olaraq aşıq sənətinə həsr olunmuş konsert proqramı baş tutacaq.

Tədbirdə aşıq sənəti müxtəlif formalarda dinləyicilərə təqdim olunacaq - ənənəvi və bəstəkar yaradıcılığında, eləcə də piano alətində işlənilmiş aşıq havaları, bununla yanaşı müxtəlif dövrlərdə yaşamış aşıqların sözlərinə yazılmış mahnılar xanəndə və xor kollektivi tərəfindən ifa olunacaq.

2- Fevral Gənclər Günü ilə əlaqədar Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən muzeylərdə gənclər üçün “açıq qapı” olacaq. Bununla bağlı, fevralın 2-də yaşı 14-dən 29-dək olan şəxslərin muzeylərə sərbəst girişi təmin ediləcək.

Paylaş: