“Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın 2023-cü il üçün nəzərdə tutulmuş hədəfləri çərçivəsində cari ilin birinci yarımili üzrə monitorinq və qiymətləndirilməsinə dair “Yüksək keyfiyyətli ekoloji mühit” məqsədi üzrə ümumi hesabatının “Ekoloji məsələlər” İşçi qrupunda müzakirəsi keçirilib.
Ekologiya və Təbii Sərvətlər Nazirliyində keçirilmiş iclasda İşçi qrupun sədri, ekologiya və təbii sərvətlər nazirinin müavini Umayra Tağıyeva “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”də ekoloji problemlərlə bağlı qoyulmuş məsələlər barədə məlumat verib və Strategiyanın da bu Prioritetlər çərçivəsində həyata keçirildiyini bildirib. Nazir müavini ETSN tərəfindən təbii resurslardan dayanıqlı və davamlı istifadənin təmin edilməsi, ətraf mühitə dost sənayeləşmənin təşviqi, bu məqsədlə tullantıların səmərəli idarə olunması, hidrometeoroloji müşahidə və ətraf mühitin monitorinqi sisteminin müasirləşdirilməsi, bioloji müxtəlifliyin qorunması, su bioresurslarının artırılması və akvakulturanın inkişafı, meşə ilə örtülü ərazilərin artırılması və yaşıllıqların mühafizəsinin gücləndirilməsi istiqamətlərində görülən işlərdən bəhs edib. U.Tağıyeva bu məsələlərdə maarifləndirmə və təşviqat işlərinin önəmini vurğulayaraq, Strategiyanın icrası çərçivəsində aidiyyəti qurumların koordinasıyalı şəkildə fəaliyyətinin vacibliyinə diqqət çəkib.
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) icraçı direktorunun müavini Rəşad Hüseynov monitorinq və qiymətləndirmə prosesi barədə İşçi qrupun üzvlərinə məlumat verib və təyin olunmuş indikatorlar üzrə müvafiq sənədlərin monitorinq portalına daxil edilməsinin vacibliyini vurğulayıb.
İşçi qrupun sədr müavini, İİTKM-nin Monitorinq və qiymətləndirmə şöbəsinin Sahəvi proqramların monitorinqi sektorunun müdiri Emil Qasımov hazırlanmış tərəqqi hesabatını təqdim edib.
Sonra İşçi qrupun üzvləri hesabat üzrə müzakirələr aparıblar, təklif və iradlarını səsləndiriblər.
“Ekoloji məsələlər” İşçi qrupunda Ekologiya və Təbii Sərvətlər Nazirliyi və İİTKM ilə yanaşı, Fövqəladə Hallar, İqtisadiyyat, Maliyyə, Elm və Təhsil, Kənd Təsərrüfatı, Rəqəmsal İnkişaf və Nəqliyyat, Energetika nazirlikləri, həmçinin Dövlət Statistika Komitəsi, Prezident yanında Vətəndaşlara Xidmət və İnnovasiyalar üzrə Dövlət Agentliyi, Dövlət Turizm Agentliyi, Dövlət Su Ehtiyatları Agentliyi, “Meliorasiya və Su Təsərrüfatı” ASC, Qida Təhlükəsizliyi Agentliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi, TƏBİB, AMEA, “Təmiz şəhər” ASC, Dövlət Neft Şirkəti və AZAL-ın rəhbər şəxsləri təmsil olunurlar.
Qeyd edək ki, Azərbaycan Respublikası Baş nazirinin 12 iyun 2023-cü il tarixli Sərəncamı ilə “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda nəzərdə tutulmuş tədbirlərin tam, vaxtında və effektiv icrasını təmin etmək və aidiyyəti dövlət orqanlarının fəaliyyətlərinin əlaqələndirilməsi məqsədilə 8 İşçi qrup yaradılıb.