“AzerGold”un İşçi qrupu hasilatın pay bölgüsü haqqında saziş çərçivəsində Gədəbəydəki mədənlərə baxış keçirib
“AzerGold” Qapalı Səhmdar Cəmiyyəti (QSC) “Gədəbəy”, “Qoşa”, “Xarxar”, “Qaradağ”, “Ordubad” qrupu (Piyazbaşı, Ağyurd, Şəkərdərə, Kələki), “Qızılbulaq”, “Dəmirli” və “Vejnəli” qızıl, mis və polimetal perspektiv filiz yataqlarının kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında “AzerGold” QSC ilə “R.V. Investment Group Services, LLC” arasında bağlanmış saziş üzrə səlahiyyətlərinin icrası çərçivəsində ilkin tanışlıq səfərləri həyata keçirib.
Fhnews.az xəbər verir ki, QSC-dən verilən məlumata görə, məqsəd saziş sahələrində mədənlərin idarə olunması, geoloji kəşfiyyat, hasilat, istehsalat, ətraf mühitin mühafizəsi, yerli icmalarla işin təşkili, korporativ sosial məsuliyyət və digər istiqamətlərdə fəaliyyətlə tanışlıq, əməliyyat şirkəti “Azərbaycan İnterneyşnl Mayninq Kompani Limited”in (AİMK) dağ-mədən sahəsində fəaliyyətinin təkmilləşdirilməsi, sazişin tələblərinə uyğun icrası istiqamətində təkliflərin hazırlanması, prosesə dəstək göstərilməsi və nəzarət tədbirlərinin icra edilməsidir.
Bu məqsədlə “AzerGold” QSC-nin nəzdində yaradılmış işçi qrupu xarici şirkətin yeganə aktiv əməliyyat sahəsi olan “Gədəbəy” saziş sahəsinə səfər edib. Tanışlıq səfəri çərçivəsində əvvəlcə səhmdar cəmiyyət və AİMK nümayəndələri arasında görüş keçirilib, xarici operatorun fəaliyyəti, tətbiq etdiyi hasilat üsulları, istehsalat texnologiyaları və digər istiqamətlərdə görülən işlərlə bağlı məlumat əldə edilib, fəaliyyətin daha da təkmilləşdirilməsi istiqamətində fikir mübadiləsi aparılıb.
Daha sonra “Gədəbəy” saziş sahəsinə daxil olan “Gədəbəy”, “Qədir”, “Zəfər”, “Uğur” və “Gilar” qızıl, gümüş, mis yataqları, həmçinin istehsalat zavodları, nəm tullantı anbarı, laboratoriya və digər infrastruktur obyektlərinə baxış keçirilib.
Məlumat verilib ki, 8 saziş sahəsində işləmək hüququna malik olan AİMK hazırda “Gədəbəy” saziş sahəsində yerləşən mədənlərdə açıq və yeraltı hasilat üsulları ilə filizçıxarma əməliyyatlarını icra edir. Hasil edilən filizlər metal tərkibindən asılı olaraq çeşidləndikdən sonra aidiyyəti üzrə rayon ərazisində yerləşən qızıl və ya mis emalı təyinatlı istehsalat sahələrində emal olunur.
Bundan başqa, işçi qrupun üzvləri geoloji tədqiqat və istismara hazırlıq mərhələsində olan “Qaradağ”, “Qızılbulaq” və “Dəmirli” filiz yataqlarına da səfər edərək, sahələrə baxış keçiriblər.
Tanışlıq səfərləri zamanı işçi qrupun üzvləri yekun hesabata əlavə edilməsi, saziş üzrə tərəfdaşlıqla bağlı hazırlanacaq Tədbirlər Planında nəzərə alınması üçün müvafiq qeydlər aparıblar.
Növbəti mərhələdə isə “AzerGold” QSC tərəfindən saziş sahələrində mədən-filiz əməliyyatlarının icrası zamanı fəaliyyətin sazişin tələblərinə uyğun şəkildə təşkil edilməsi üçün zəruri tədbirlər görüləcək, eyni zamanda xarici şirkətin hökumət orqanları ilə əməkdaşlığına dəstək göstəriləcək. Eyni zamanda, saziş sahələrində mütəmadi monitorinq işləri həyata keçiriləcək.
Xatırladaq ki, hasilatın pay bölgüsü haqqında saziş 1997-ci il avqustun 20-də Azərbaycan Respublikasının “Azərqızıl” Dövlət Şirkəti ilə “R.V. Investment Group Services, LLC” arasında bağlanmışdı. 2000-ci il yanvarın 22-dən sazişə yeni dəyişikliyə qədər “Azərqızıl”ın ləğv edilməsi nəticəsində Ekologiya və Təbii Sərvətlər Nazirliyi sazişdən irəli gələn öhdəliklər üzrə “Azərqızıl”ın hüquqi varisi hesab edilmişdi.
Azərbaycan Respublikasının 2024-cü il 21 iyun tarixli, 1176-VIQ nömrəli Qanunu ilə sazişin həyata keçirilməsi ilə əlaqədar dövləti təmsil etmək səlahiyyəti “AzerGold” QSC-yə verilib.
COP29 zolaqlarında yol nişanlarının...
COP29: İsrailin aerokosmik şirkəti...
İstanbulda I Enerji Forumu çərçivəsində...
Nazir Rəşad Nəbiyev İsrailin nəqliyyat...
Prezident Ərdoğan: Bakıda keçirilən...