“Azəriqaz”: Üç ay ərzində aşkar olunan nöqsan və pozuntuların sayı 108 mindən çoxdur
Respublika üzrə üç ay ərzində təbii qazın istehlakı zamanı 332 hadisə (dəm qazı, yanğın, partlayış və.s) qeydə alınıb. Hadisələrdə xəsarət alanların sayı 335 nəfər, dəm qazından ölənlərin sayı isə 25 nəfər olub.
Fhnews.az xəbər verir ki, bu sözləri Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinin (İB) Sağlamlıq, əməyin təhlükəsizliyi, ətraf mühitin mühafizəsi və keyfiyyətə nəzarət şöbəsinin rəisi İlkin Behbudov “Açıq qapı” aksiyası çərçivəsində media və QHT nümayəndələri ilə keçirilən görüşdə deyib.
O bildirib ki, bu nəticələr müayinə ilə bağlı məsələlərə ciddi yanaşmaq üçün siqnaldır. Göstərilən nöqsanların aradan qaldırlmasına və təbii qazdan qaydalara uyğun istifadə olunmasına diqqət yetirmək lazımdır.
Şöbə rəisi birinci rübdə istehlakçıların mənzillərində və sənaye obyektlərində qazdan istifadə qaydalarına riayət olunmasını yoxlamaq məqsədilə aparılan texniki müayinələrdən danışıb: “Müayinələr 6 qrup üzrə qruplaşdırılıb. Üç ay ərzində aşkar olunan nöqsan və pozuntuların sayı 108 mindən yuxarıdır. Mart ayının sonuna qədər qeydə alınan bu nöqsan və pozuntular təxminən 90 minə qədər mənzildə qeydə alınıb. Həmin abonentlərə qanunvericiliyə uyğun olaraq, 1 aydan çox olmayan müddət verilib. Bəzi nöqsanlara isə dərhal müdaxilə olunub”.
İ.Behbudov qeyd edib ki, qaz qurğuları üzrə 6700-dən çox nöqsan qeydə alınıb. Buna qeyri-standart su qızdırıcılarından istifadə olunması, hamam otaqlarında normativlərin pozulması nəticəsində qaz qurğularının quraşdırılması kimi nöqsanlar daxildir.
“Qaz xəttləri üzrə 42 mindən artıq, tüstü bacaları üzrə isə 15 mindən çox nöqsan aşkarlanıb. Qaz sayğacları üzrə nöqsanların sayı çox cüzidir. Çünki “Azəriqaz” müayinələrə başlanmamışdan əvvəl bu sahəyə nəzarət edib. Bu səbəbdən də qaz sayğacları ilə bağlı nöqsanlar vaxtında aradan qaldırılıb və bu müddət ərzində 20-yə yaxın nöqsan qeydə alınıb. İnsan həyatı üçün təhlükə yaradan nöqsanların olduğu mənzillərdə qaz təchizatını dayandırmışıq”,- deyə şöbə rəisi bildirib.
COP29 zolaqlarında yol nişanlarının...
COP29: İsrailin aerokosmik şirkəti...
İstanbulda I Enerji Forumu çərçivəsində...
Nazir Rəşad Nəbiyev İsrailin nəqliyyat...
Prezident Ərdoğan: Bakıda keçirilən...