23 noyabr 2024, şənbə Bakı, 13°C
IMG-LOGO

Kənd təsərrüfatı naziri Azərbaycan Pambıq İstehsalçıları Assosiasiyasının rəhbərliyi ilə görüşüb

19-08-2024
IMG

Kənd təsərrüfatı naziri Məcnun Məmmədov Azərbaycan Pambıq İstehsalçıları Assosiasiyasının rəhbər şəxsləri ilə görüşüb. Görüşdə nazirliyin müvafiq şöbələrinin və struktur bölmələrinin rəhbərləri iştirak ediblər.

Fhnews.az xəbər verir ki, Nazirlikdən verilən məlumata görə, ki, görüşdə çıxış edən nazir Məcnun Məmmədov pambıqçılığın respublikamızda güclü ənənələri olan kənd təsərrüfatı sahələrindən biri olduğunu və bu sahənin inkişafının fermerlərin gəlirlərinin çoxalmasına, bölgələrdə məşğulluq səviyyəsinin artmasına müsbət təsir etdiyini vurğulayıb. Onun sözlərinə görə, kənd təsərrüfatının ən əməktutumlu sahəsi olan pambıqçılıq yüksək əlavə dəyər yaratmağı, ixrac potensialının yüksək olması ilə də seçilir. Dövlət tərəfindən pambıqçılığın inkişafına dəstək mexanizmləri həyata keçirilir, bu mexanizmlər sayəsində əkinə maraq artıb. Nazirlik tərəfindən digər sahələrdə olduğu kimi, pambıqçılıqda da müasir suvarma sistemlərinin tətbiqini dəstəklədiyini deyən nazir gələcəkdə becərmədə bu sistemlərdən istifadə edən fermerlərə nəzərən differensial subsidiya mexanizminin tətbiq oluna biləcəyini söyləyib.

Azərbaycan Pambıq İstehsalçıları Assosiasiyası İdarə Heyətinin sədri Fərid Firudinov bildirib ki, rəhbərlik etdiyi ictimai təşkilatın fəaliyyətinin əsas məqsədi müasir elmi-texniki yeniliklərin və innovativ texnologiyaların tətbiqi imkanlarını təbliğ etməklə ölkəmizdə istehsal olunan pambığın məhsuldarlıq və keyfiyyət göstəricilərini artıraraq sektor iştirakçılarının rifahını yüksəltməkdir. Ölkədə pambıq tədarükü və emalı ilə məşğul olan ən böyük şirkətləri öz sıralarında birləşdirən assosiasiya sektorun inkişafına öz töhfəsini verməyə çalışır.

Görüşdə ölkədə pambıqçılığın mövcud durumu, məhsul yığımı ərəfəsində həyata keçirilən son aqrotexniki tədbirlər, zərərvericilərə qarşı mübarizənin təşkili, texnikaların yığım prosesinə hazırlıq səviyyəsi barədə fikir mübadiləsi aparılıb. İştirakçılar, həmçinin pambıq tədarükündə keyfiyyət parametrlərinə görə tədarük mexanizminin təşkili, dəyər zəncirini inkişaf etdirmək, fermer təsərrüfatlarında dayanıqlılığı təmin etmək, “Better Cotton Initiative” təşkilatına üzvlük, pambıqçılıqda tətbiq olunan dərmanların keyfiyyəti, ölkədə ilk dəfə istehsal olunan iplik növləri, yerli şəraitə uyğun pambıq sortlarının yaradılması və digər önəmli mövzular ətrafında fikir mübadiləsi aparıblar.

Görüşdə səsləndirilən təkliflər qeydə alınıb, təkliflərin dəyərləndirilməsi üçün müvafiq şöbə və struktur bölmələrə tapşırıqlar verilib.

Paylaş: