23 noyabr 2024, şənbə Bakı, 13°C
IMG-LOGO

Gəmilərin sıravi heyət üzvlərinə təqdim olunan sertifikatlar “Bakı KOB evi”ndə veriləcək

26-09-2024
IMG

Dövlət Dəniz və Liman Agentliyi tərəfindən gəmilərin sıravi heyət üzvlərinə təqdim olunan sertifikatların (diplomların) verilməsi prosesi sentyabrın 30-dan etibarən “Bakı KOB evi”ndə həyata keçiriləcək.

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən verilən məlumata görə, bu prosesə gəmilərin sıravi heyət üzvlərinə sertifikatların (diplomların) ilk dəfə verilməsi, həmçinin yenilənməsi üzrə sənəd qəbulu və hazır sənədlərin verilməsi daxildir.

Bunun üçün aşağıdakı sənədlər tələb olunur:

– Şəxsiyyəti təsdiq edən sənəd;

– İxtisas diplomu;

– Sertifikat (diplom) (əgər varsa);

– Dövlət Dəniz və Liman Agentliyi tərəfindən uyğunluq haqqına şəhadətnamə verilmiş tibb müəssisəsinin verdiyi dənizçinin tibb sertifikatı;

– Tələb olunan xüsusi hazırlıq şəhadətnamələri;

– Ümumvətəndaş pasportu (ehtiyac olarsa);

– Dövlət rüsumunun ödənildiyini təsdiq edən sənəd (qəbz);

– Üzmə haqqında arayış və ya təcrübə jurnalı;

– 3x4 sm ölçüdə, ağ fonda rəngli fotoşəkil (2 ədəd).

Qeyd edək ki, qəbul olunmuş sənədlər əsasında sertifikatlar (diplomlar) beş iş günü müddətində hazırlanaraq təhvil veriləcək.

Məlumat üçün bildirək ki, hazırda dənizçilərə təqdim olunan sertifikatlar (diplomlar) “Bakı KOB evi” ilə yanaşı, agentlikdə də verilir. Növbəti mərhələdə isə bu proses yalnız “Bakı KOB evi”ndə təşkil olunacaq.

Paylaş: