23 noyabr 2024, şənbə Bakı, 13°C
IMG-LOGO

FHN-in karate komandasının idmançıları uğur qazanıblar

09-04-2024

5-7 aprel 2024-cü il tarixlərində Rusiya Federasiyasının Novosibirsk vilayətində yerləşən Sibir arenada Rusiya Karate Federasiyasının təşkilatçılığı ilə uşaq, yeniyetmə, gənc və böyüklər arasında “Uspech Cup” beynəlxalq karate turniri keçirilib.

Turnirdə 15 ölkədən 1230-a yaxın idmançı əzmkar mübarizə apararaq öz qüvvələrini sınayıblar. Yarışda karate üzrə Azərbaycan yığma komandası 15 nəfərdən ibarət idmançı ilə iştirak edərək yüksən nailiyyətlər əldə etməyi bacarıb. Belə ki, FHN-in karate komandasının üzvü və İdman-sağlamlıq klubunun əməkdaşı leytenant Murad Hacızadə +84 kq çəki dərəcəsində kumite yarışlarında 3 döyüş keçirərək bürünc medalın sahibi olub. Murad Hacızadə karate üzrə Avropa, şotokan karate üzrə dünya çempionudur.

Qalibə Rusiya Karate Federasiyasının diplom və medalı təqdim olunub.

Bundan əlavə, 6-7 aprel 2024-cü il tarixlərində Gürcüstanın Qori şəhərində Dünya Karate Federasiyasının dəstəyi, Gürcüstan Karate Federasiyasının təşkilatçılığı ilə uşaq, yeniyetmə, gənc və böyüklər arasında karate üzrə “Open Gori” beynəlxalq turniri keçirilib.

Turnirdə Azərbaycan, Gürcüstan, Ukrayna, Rusiya, Ermənistan və Tacikistandan 600-ə yaxın idmançı iştirak edib. Azərbaycanı təmsil edən uşaq, yeniyetmə, gənc və böyüklərdən ibarət karateçilər 26 nəfər olmaqla yüksək nəticələr əldə etməyi bacarıblar. Belə ki, yarışda 13 idmançı ilə mübarizə aparan FHN-in karate komandasının idmançıları məşqçi-müəllim Coşqun Sadıqovun rəhbərliyi altında böyük uğura imza atıblar.

Qızlar və oğlanlar arasında müxtəlif yaş qruplarında mübarizə aparan FHN-in karate komandasının üzvləri Ramal Şahməmmədli -27 kq (8-9 yaş), Nəzrin Şahməmmədli -30 kq (10-11 yaş) və Sadiq Bağırov -50 kq (12-13 yaş) çəki dərəcələrində bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar. Bundan əlavə, komandanın digər üzvləri Əli Səfərov -52 kq (14-15 yaş) çəki dərəcəsində yarışın gümüş, Yusif Cəfərov -35 kq (10-11 yaş), Kamran Kamranlı +55 kq (12-13 yaş), İlyas Nağıyev -67 kq (18 yaş) çəki dərəcələrində yarışın bürünc medalına yiyələniblər. Qaliblərə Gürcüstan Karate Federasiyasının diplom və medalları təqdim olunub.

Fövqəladə Hallar Nazirliyinin İdman-sağlamlıq klubunun rəisi polkovnik Füzuli Musayev turnirdə uğur qazanmış idmançılarla görüşərək onları təbrik edib, gələcək yarışlarda uğurlar arzulayıb.

Qeyd edək ki, FHN-in karate komandasının əsas məşqçisi ikiqat dünya çempionu, 8-ci dan qara kəmər sahibi, Fövqəladə Hallar Nazirliyinin İdman-sağlamlıq klubunun rəisi polkovnik Füzuli Musayevdir.

Paylaş: