23 noyabr 2024, şənbə Bakı, 13°C
IMG-LOGO

Energetika naziri Çində “Bir kəmər, bir yol” təşəbbüsünün inkişafında yaşıl enerji dəhlizlərinin rolundan danışıb 

23-10-2024
IMG

Çinin Şandon əyalətinin Çindao şəhərində “Bir kəmər, bir yol” enerji nazirlərinin 3-cü konfransı keçirilir.

Fhnews.az xəbər verir ki, tədbir Çinin Milli Enerji Administrasiyasının təşkilatçılığı ilə “Enerjinin birgə gələcəyi üçün yeniliyin gətirilməsi” mövzusunda təşkil olunur.

Dünyanın təxminən 30 ölkəsindən müvafiq dövlət qurumlarının rəhbər şəxslərinin, enerji, o cümlədən yaşıl enerji şirkətlərinin nümayəndələrinin iştirak etdiyi tədbirdə Azərbaycanın energetika naziri Pərviz Şahbazov da iştirak edir.

Açılış mərasimində çıxış edən Çin Milli Enerji Administrasiyasının rəhbəri Can Cienhua, Şandon əyalətinin qubernatoru Cou Naysian və başqaları enerji təhlükəsizliyi üzrə əməkdaşlıq, enerji bazarlarının inkişafı, yaşıl enerji sahəsində tətbiq olunan son texnoloji yeniliklər və yaşıl enerjinin təşviqi üçün maliyyə imkanlarının araşdırılması sahəsində birgə əməkdaşlığın əhəmiyyətini vurğulayıblar.

Konfransın açılış mərasimində çıxış edən energetika naziri Pərviz Şahbazov “Bir kəmər, bir yol” layihəsini Avrasiyanın müasir geoiqtisadi landşaftını formalaşdıran müdrik bir təşəbbüs olduğunu vurğulayıb, Avropa ilə Asiya arasında tranzit mərkəzi kimi mövqeyi, nəqliyyat və enerji dəhlizləri vasitəsilə Azərbaycanın bu layihədə mühüm rolunu qeyd edib. Nazir çıxışı zamanı hazırda ölkəmizin Çindən Avropaya ən qısa yolu - Orta Dəhlizi gücləndirən, “Bir kəmər, bir yol”a yaşıl enerji bağlantıları ilə töhfə verən strateji kursundan danışıb.

Bildirilib ki, Azərbaycan və Çin liderləri strateji tərəfdaşlığın qurulması haqqında Birgə Bəyannamə qəbul etməklə münasibətləri tamamilə yeni səviyyəyə yüksəldiblər.

“Azərbaycan-Çin münasibətlərinin zirvəsi olan bəyannamə müasir İpək Yolu qurşağında enerji tərəfdaşlığının inkişafı üçün geniş imkanlar açır. Bir-birini prioritet, etibarlı və strateji tərəfdaş hesab edən ölkələrimizin neft-qaz hasilatı, emalı, yaşıl enerji sahələrində əməkdaşlığını dərinləşdirən yol xəritəsi müəyyənləşdirir. Yaşıl enerji üzrə böyük imkanları və təcrübəni birləşdirən Azərbaycan-Çin tərəfdaşlığı “Bir kəmər, bir yol”, davamlı inkişaf, qlobal iqlim və enerji çağırışlarına cavab vermək istiqamətlərində mühüm əhəmiyyət daşıyır”, - deyə nazir vurğulayıb.

Həmçinin Çin şirkətlərinin Azərbaycanda yaşıl enerjinin 2027-ci ilədək olan birinci inkişaf mərhələsində stansiyaların yaşıl texnologiyalarla təchizatı və günəş enerjisi güclərinin yaradılmasında iştirak etdikləri diqqətə çatdırılıb. Bu xüsusda, “Energy China” şirkəti ilə 2 qiqavat gücündə bərpaolunan enerji layihələrinin həyata keçirilməsinə dair Anlaşma Memorandumu çərçivəsində hazırda 160 meqavat gücündə iki günəş elektrik stansiyasının tikintisi, 100 meqavat gücündə “Qobustan” GES layihəsi ilə bağlı keçirilən tenderdə Çin şirkətlərinin iştirakı, eləcə də “China Datang”, TBEA və “PowerChina” şirkətləri ilə əməkdaşlıq planlarından bəhs edilib. Bu əməkdaşlığın bərpaolunan enerjinin 2030-cu ilə olan növbəti mərhələsi çərçivəsində Azərbaycanın lokomotivliyi ilə həyata keçirilən yaşıl enerji dəhlizləri aspektində xüsusilə əhəmiyyətli olduğu qeyd edilib.

Nazir deyib ki, “Xəzər-Qara dəniz-Avropa”, “Azərbaycan-Türkiyə-Avropa”, həmçinin Azərbaycan, Qazaxıstan və Özbəkistanın enerji sistemlərini birləşdirən və Avropa-Xəzər enerji dəhlizi ilə əlaqələnən “Mərkəzi Asiya-Azərbaycan-Avropa” yaşıl enerji dəhlizləri, ümumilikdə təxminən 10 qiqavat enerjinin Asiya ilə Avropa arasında ötürülməsini təmin etmək perspektivlərinə malikdir: “Daha geniş inteqrasiya olunmuş regional elektrik enerjisi bazarlarının yaradılmasını dəstəkləyən bu dəhlizlər üzrə əməkdaşlıq Çinin “karbon neytrallığı” hədəfinə, Mərkəzi Asiya və Azərbaycandan yaşıl enerji idxal etməklə enerji təchizatını şaxələndirməsinə töhfə verə bilər. Dənizdə yaşıl enerji layihələri, elektrik şəbəkələrinin genişləndirilməsi, elektrik ötürücü xətlərin inşası, enerji saxlama sistemləri və bərpaolunan enerji texnologiyaları üzrə investisiya və inkişafyönümlü əməkdaşlıqla Çinin bu dəhlizlərdə geniş iştirak imkanları var”, - deyə nazir əlavə edib.

Nazir, həmçinin COP29 sədrliyinin enerji təşəbbüslərinə də toxunub. Çini, “Bir kəmər, bir yol” ölkələrini Qlobal İqlim Sammitində fəal iştiraka və Azərbaycanın təşəbbüslərinə qoşulmağa çağırıb.

Konfransda “Bir Kəmər, Bir Yol Yaşıl Enerji Əməkdaşlıq Fəaliyyət Planı” qəbul olunub. Bundan başqa, “Bir kəmər, bir yol” enerji platformasına yeni ölkələr qəbul olunub, platformanın katibliyinin ofisi təsis edilib, “Bir kəmər, bir yol” yaşıl enerji əməkdaşlıq fəaliyyət planı açıqlanıb, mükafatlar təqdim olunub.

Konfrans işini bölmə iclaslarında davam etdirəcək.

Qeyd edək ki, “Bir kəmər, bir yol” enerji nazirlərinin ilk konfransı 2018-ci ildə Şanxayda keçirilib. Konfransda “Bir kəmər, bir yol”un Enerji Tərəfdaşlığının Qurulmasına dair Nazirlərin Birgə Bəyannaməsi qəbul olunub.

Paylaş: