23 noyabr 2024, şənbə Bakı, 13°C
IMG-LOGO

Ekoloji təmiz nəqliyyat vasitələrinin dövriyyəsinin stimullaşdırılması üzrə təkliflərin icrası müzakirə olunub

29-10-2024
IMG

Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin rəhbərlik etdiyi “Fiziki infrastruktur” işçi qrupunun “Ekoloji təmiz və təhlükəsiz nəqliyyat vasitələrinin dövriyyəsinin stimullaşdırılması və infrastrukturunun təkmilləşdirilməsi üzrə” altqrupunun hesabat xarakterli iclası keçirilib.

Fhnews.az xəbər verir ki, iclasda Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın katibliyinin rəhbəri Vüsal Şıxəliyev açılış nitqi ilə çıxış edib, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) İdarə Heyətinin sədri Anar Rzayev altqrup tərəfindən görülən işlər barədə məlumat verib və hesabatların hazırlandığını qeyd edib.

İclasda “Ekoloji təmiz və təhlükəsiz nəqliyyat vasitələrinin dövriyyəsinin stimullaşdırılması və infrastrukturunun təkmilləşdirilməsi üzrə 2024-cü il üçün Yol Xəritəsi”nin icra vəziyyəti və bu sahədə aktual məsələlər geniş müzakirə olunub. İclas çərçivəsində altqrupa üzv olan qurumlar tərəfindən Yol Xəritəsində icraçısı olduğu tədbirlər üzrə görülən işlərə dair hesabat təqdim edilib, əldə olunan nailiyyətlər barədə ətraflı məlumat verilib. Həmçinin iclasda mülkiyyət növündən asılı olmayaraq elektrikdoldurma xidməti göstərən bütün elektrikdoldurma məntəqələrinin vahid platformaya inteqrasiyasının təmin edilməsi üzrə “Azərişıq” ASC-nin sədr müavini Ramil Yusifovun məruzəsi dinlənilib və bu istiqamətdə görüləcək işlər barədə fikir mübadiləsi aparılıb. Aidiyyəti dövlət qurumlarının nümayəndələrinin iştirakı ilə elektrikdoldurma xidməti ilə əlaqədar tariflərə dair təkliflər müzakirə olunaraq bu sahədə növbəti addımlar müəyyən olunub.

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin Mikromobillik şöbəsinin müdiri Coşqun Məmmədov qeyd edib ki, AYNA tərəfindən mikromobillik vasitələrinin təşviqi, bununla bağlı infrastrukturun qurulması istiqamətində davamlı tədbirlər həyata keçirilir. Hazırda Bakı şəhərində mikromobillik zolaqları təxminən 32 kilometrə qədər genişləndirilib. Əhalinin mikromobillik vasitələrindən təhlükəsiz və əlverişli formada istifadəsi üçün zolaqların əlaqəliliyi təmin edilir.

Bununla yanaşı, altqrupun bundan öncəki iclaslarında qərara alınmış tədbirlərin icra vəziyyətinə dair məlumat təqdim edilib, qeyd olunan tədbirlərin icrasının tamamlanması ilə bağlı müvafiq tapşırıqlar verilib.

Sonda isə icrası davam edən tədbirlər və qarşıda duran məsələlər müzakirə edilib.

Məlumat üçün qeyd edək ki, Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın müvafiq altqrupuna rəhbərliyi Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi həyata keçirir (https://azranking.az/working-groups).

Paylaş: