23 noyabr 2024, şənbə Bakı, 13°C
IMG-LOGO

Dövlət satınalmaları sahəsində növbəti onlayn maarifləndirmə seminarına 700-dək iştirakçı qatılıb

10-07-2024
IMG

Seminarda “Dövlət satınalmaları haqqında” yeni Qanun və ondan irəli gələn normativ hüquqi aktlara dair izahlar verilib, satınalmaların təşkili, təkliflərin qiymətləndirilməsi, satınalmaya dair hesabatların hazırlanması və qanunvericiliyin digər tələbləri istiqamətində zəruri mövzulardan bəhs olunub.

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən "Dövlət satınalmaları haqqında" Azərbaycan Respublikası Qanununun və əlaqədar normativ-hüquqi aktların tətbiqi ilə bağlı növbəti onlayn seminar keçirilib. Maarifləndirmə tədbirində dövlət satınalan təşkilatları, sahibkarlar və digər maraqlı tərəflərin 700-dək nümayəndəsi iştirak edib.

Fhnews.az Dövlət Xidmətinə istinadən xəbər verir ki, seminar yeni Qanunun üstünlükləri və onun icrasından irəli gələn normativ hüquqi aktların tətbiqi, satınalmalarının təşkili və metodları, əsas prinsipləri, genişləndirilmiş tətbiq dairələri və yeni meyarlar üzrə məlumatlandırma məqsədilə təşkil olunub.

Bundan əlavə, onlayn tədbir zamanı iştirakçılara satınalma prosedurlarının tətbiqi zamanı yol verilən xətalara dair tövsiyələr verilib, satınalmaların vaxtında planlaşdırılması, təkliflərin qiymətləndirilməsi, satınalmaya dair şikayətlərin verilməsi və qanunvericiliyin digər tələbləri istiqamətində zəruri məlumatlar təqdim edilib.

Seminar çərçivəsində iştirakçıların mövzular üzrə sualları cavablandırılıb, sözügedən Qanunun pozulmasına görə mövcud məsuliyyət tədbirləri və digər məqamlar izah edilib.

Qeyd edək ki, Antiinhisar və İstehlak Bazarına Dövlət Xidməti fəaliyyət istiqamətləri üzrə maarifləndirmə tədbirlərini davam etdirəcəkdir.

 

 

Paylaş: