23 noyabr 2024, şənbə Bakı, 13°C
IMG-LOGO

Cari ilin ilk 9 ayında Azərbaycana gətirilən minik avtomobillərinin 30,2%-i ekoloji təmiz nəqliyyat vasitələri olub

16-11-2024
IMG

Ölkədə əhalinin artması ilə bərabər minik avtomobillərinin də sayı çoxalır ki, bu da atmosferə atılan zərərli qazların həcminin xeyli artması ilə nəticələnir. Nəqliyyat sektorunun ətraf mühitə, o cümlədən iqlim dəyişmələrinə mənfi təsirlərinin azaldılması məqsədilə ölkəmizdə qabaqcıl beynəlxalq təcrübəyə uyğun olaraq, bir sıra tədbirlər həyata keçirilir. Nəticədə ekoloji təmiz avtomobillərə bir sıra maliyyə güzəştlərinin tətbiqi ölkəmizdə həmin nəqliyyat vasitələrinin sayının artmasına yol açır.

Fhnews.az xəbər verir ki, Media Təhlil Mərkəzinin (MTM) Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin və Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin verdiyi rəsmi məlumatlar əsasında apardığı təhlil göstərir ki, cari ilin yanvar-sentyabr aylarında ölkəmizə idxal olunan minik avtomobillərinin 30,19%-i ekoloji təmiz minik avtomobilləri olub. Bu da indiyə qədər qeydə alınan ən yüksək faiz göstəricisidir. Ötən ilin eyni dövründə bu göstərici 18,86%, yekununda isə 19,51% təşkil etmişdi.

Ümumilikdə son illərə nəzər salsaq, hər il bu faizin artdığının şahidi olarıq. 2018-ci ildən başlayaraq ölkəmizə gətirilən ekoloji təmiz minik avtomobillərinin sayı ilk ildə ümumi minik avtomobili idxalının cəmi 1,47%-ni təşkil etmişdi.

Say olaraq nəzər yetirsək, cari ilin ilk 9 ayında ölkəmizə 17 min 955 ədəd ekoloji təmiz minik avtomobilinin idxal olunduğunu görərik. Bu say ötən ilin eyni dövrü ilə müqayisədə 41,1% çoxdur. Ötən ilin yekun göstəricilərinə əsasən ölkəyə 17 min 200 ekoloji təmiz minik avtomobili gətirilib ki, bu da cari ilin ilk 9 ayına olan göstəricidən azdır. 2022-ci ilin yekun göstəricisi ilə müqayisədə isə, 45,5% çoxdur.

Bu növ minik avtomobillərinin idxal olunduğu ilk ildə (2018) cəmi 384 ekoloji təmiz minik avtomobili idxal olunmuşdu. Növbəti ildə isə bu say 9,8 dəfə artaraq 3 min 777-yə çatmışdı.

Yeganə azalma 2022-ci ildə qeydə alınıb. Həmin dövrdə əvvəlki il ilə müqayisədə idxal olunan ekoloji təmiz minik avtomobillərinin sayı 9,7 % azalaraq 11 min 824 ədəd təşkil edib.

Cari ilin ilk 9 ayında ölkəmizə gətirilən 17 min 955 ekoloji təmiz minik avtomobilinin 59,66%-ni və ya 10 min 712 ədədini “hibrid” minik avtomobilləri təşkil edib. 2023-cü ilin eyni dövrü ilə müqayisədə idxal olunan “hibrid” minik avtomobillərinin sayı 12,8% artıb. Lakin ötən ilin ilk 9 ayında “hibrid” minik avtomobilləri daha çox (74,63%) paya sahib idi. Bu faizin azalmasının səbəbi idxal olunan “plug-in” hibrid minik avtomobillərin sayının ötən ilin eyni dövrü ilə müqayisədə 4,5 dəfə artmasıdır. 2023-cü ilin ilk 9 ayında 1 110 “plug-in” hibrid minik avtomobili idxal olunmuşdusa, cari ilin ilk 9 ayında bu say 4 min 998-ə bərabər olub.

İdxal olunan elektromobillərin sayı isə cəmi 6% artaraq 2 min 245-ə çatıb. Elektromobillər ümumi idxal olunan ekoloji təmiz minik avtomobillərinin 12,5%-ni təşkil edib.

Hibrid avtomobillər – Elektrik enerjisini xarici mənbədən doldurma qabiliyyətinə malik olmayan, sıxılmadan alışan porşenli daxili yanma mühərriki ilə yanaşı elektrik mühərriki ilə də hərəkətə gətirilən nəqliyyat vasitələridir.

İndiyədək ölkəmizə gətirilən hibrid minik avtomobillərinin sayına baxsaq, bu illər ərzində toplam 55 min 761 ədəd hibrid minik avtomobilinin idxal olunduğunu görərik. Yalnız 2022-ci ildə əvvəlki il ilə müqayisədə idxal sayında azalma müşahidə olunan bu tip minik avtomobillərinin idxalı hər il artıb.

İlk olaraq 2018-ci ildə ölkəmizə 285 ədəd “hibrid” minik avtomobili idxal olunub. Növbəti ildə isə onların sayı 12,7 dəfə artaraq 3 min 634-ə çatıb. Cari ilin yalnız ilk 9 ayında isə ölkəmizə 10 min 712 “hibrid” minik avtomobili idxal olunub.

“Plug-in” hibrid avtomobillər – Elektrik enerjisini xarici mənbədən doldurma qabiliyyətinə malik olan, sıxılmadan alışan porşenli daxili yanma mühərriki ilə yanaşı elektrik mühərriki ilə də hərəkətə gətirilən nəqliyyat vasitələridir.

Son illərdə bir çox avtomobil istehsalçılarının “plug-in” hibrid tipli minik avtomobilləri istehsalını artırması ölkəmizə gətirilən bu tip minik avtomobillərinin sayının artmasına səbəb olub. Əvvəlki illərdə az sayda “plug-in” hibrid minik avtomobilləri idxal olunsa da, 2022-ci ildə bu say 2021-ci il ilə müqayisədə 2,9 dəfə artaraq 318 ədədə çatıb. Növbəti ildə isə bu say daha 5,9 dəfə artaraq 1 891-ə bərabər olub. Cari ilin ilk 9 ayında isə bu say rekord həddə (4 min 998) çatıb. Ümumilikdə indiyədək ölkəmizə 7 min 365 “plug-in” hibrid minik avtomobili idxal olunub.

Elektromobil – Yalnız elektrik mühərriki ilə hərəkətə gətirilən nəqliyyat vasitələri.

Yanacaq sərfiyyatı olmayan və ekoloji cəhətdən tamamilə zərərsiz olan elektromobillərin də sayı ölkəmizdə günü-gündən artır. Öncəki illərdə az sayda idxal olunsa da, 2022-ci ildən etibarən elektromobillərin idxalında artım müşahidə olunub. 2022-ci ildə 486 elektromobil ölkəmizə gətirilib ki, bu da əvvəlki il ilə müqayisədə 3 dəfə çoxdur. 2023-cü ildə isə bu say daha 6,4 dəfə artaraq 3 min 102-yə bərabər olub. Cari ilin ilk 9 ayında isə ölkəmizə 2 min 245 ədəd elektromobil idxal olunub. Ümumilikdə, indiyədək Azərbaycana 6 min 358 elektromobil gətirilib.

Hər iki ölkənin Dövlət Statistika Komitələrinin rəsmi internet səhifələrindən əldə olunan məlumatlar əsasında aydın olur ki, cari ilin ilk 9 ayında Azərbaycana 17 min 955, Gürcüstana isə 29 min 604 ədəd ekoloji təmiz minik avtomobili idxal olunub. Yanvar-sentyabr aylarında Azərbaycana 10 min 712, Gürcüstana isə 25 465 hibrid minik avtomobili gətirilib. “Plug-in” hibrid minik avtomobillərinin idxalına görə Azərbaycan Gürcüstanı qabaqlayıb. Azərbaycana ilk 9 ayda 4 min 998 ədəd, Gürcüstana isə 874 ədəd bu tip minik avtomobili gətirilib. Həmin dövrdə Gürcüstan 3 min 265, Azərbaycan 2 min 245 elektromobil idxal edib.

Lakin onu da qeyd edək ki, Azərbaycanın idxal etdiyi minik avtomobilləri arasında ekoloji təmiz minik avtomobillərinin sayı ümumi idxalın 30,2 %-ni təşkil edir. Gürcüstanda isə bu göstərici 20,4%-ə bərabərdir.

Bundan əlavə, Gürcüstanın minik avtomobillərini idxal etdikdən sonra üçüncü ölkələrə ixrac etməsi ilə ticarət gəliri əldə etdiyi hər kəsə məlumdur. Bunu araşdırdıqda isə cari ilin ilk 9 ayında idxal olunan ekoloji təmiz minik avtomobillərinin Azərbaycan üzrə 0,9%-nin, Gürcüstan üzrə isə 26,8 %-nin ixrac olunduğunu görərik.

Ermənistanın rəsmi mənbələrində bu mövzu ilə bağlı yeni məlumatlar əks olunmayıb.

Paylaş: