Bu il “Şahdəniz” yatağı üzrə əməliyyat xərcləri 3,5 faizdən çox artıb
Cari ilin birinci yarısında “Şahdəniz” yatağı üzrə fəaliyyətlərə təxminən 1 milyard 251 milyon dollar əməliyyat xərcləri və təxminən 407 milyon dollar əsaslı xərclər çəkilib.
Fhnews.az BP-nin cari ilin birinci yarımilinin yekun hesabatına istinadən xəbər verir ki, bu xərclərin böyük əksəriyyəti “Şahdəniz 2” layihəsinə aid olub.
Birinci yarımildə “Şahdəniz” yatağından Azərbaycan (“Azərkontrakt” ASC-yə), Gürcüstan (GOGC şirkətinə), Türkiyə (BOTAŞ şirkətinə) bazarlarına, çoxsaylı obyektlər üçün BTC-yə və Avropadakı alıcılara qaz çatdırılması davam edib.
İlin ilk altı ayında yataqdan ümumilikdə - “Şahdəniz Alfa” və “Şahdəniz Bravo” platformalarından birlikdə ötən ilin eyni dövrü ilə müqayisədə 7,7 faiz çox yəni, təqribən 14 milyard standart kubmetr qaz və 2 milyon tondan çox (təqribən 18 milyon barel) kondensat hasil edilib ki, bu da ötən il ilə eyni səviyyədədir.
Mövcud “Şahdəniz” qurğularının hasilat gücü hazırda gündə təxminən 80,7 milyon (ildə təqribən 29,5 milyard) standart kubmetrdir.
Cari ilin birinci yarısında “Şahdəniz 2” layihəsi çərçivəsində iki mühüm nailiyyət əldə olundu - şərq-şimal cinahında iki quyudan müvafiq olaraq fevralın 13-ü və iyunun 19-unda hasilat başlanıb.
Xankəndi sualtı tikinti gəmisi “Şahdəniz 2” çərçivəsində quraşdırma işlərini və istismar sınaqlarını davam etdirməklə yanaşı yatağın işlənməsi ilə bağlı ümumi işlərə də dəstək verməyə başlayıb. Bura hazırda istismarda olan bütün “Şahdəniz 2” sualtı hasilat obyektlərinə texniki xidmət, yoxlama və müdaxilə işləri daxildir.
İlin ilk altı ayında “Şahdəniz Alfa” platformasından quyu qazılmayıb, bu müddət ərzində platformanın qazma qurğusunda profilaktik işlər aparılıb.
İstiqlal və Heydər Əliyev qazma qurğuları “Şahdəniz 2” layihəsi çərçivəsində quyular üzrə işləri davam etdirib. İlk altı ay ərzində İstiqlal qazma qurğusu vasitəsilə şərq-şimal cinahında SDH03 quyusu tamamlanıb, SDH01 quyusu yenidən açılıb və tamamlanıb və SDH02 quyusunun yenidən açılması işləri başlanıb.
Heydər Əliyev qazma qurğusu qərb cinahında SDD05 quyusunun qazma işlərini davam etdirib.
Ümumilikdə “Şahdəniz 2” çərçivəsində 21 quyu qazılıb. Bunlara yatağın şimal cinahında beş quyu, qərb cinahında dörd quyu, şərq-cənub cinahında dörd quyu, qərb-cənub cinahında beş quyu və şərq-şimal cinahında üç quyu daxildir.
COP29 zolaqlarında yol nişanlarının...
COP29: İsrailin aerokosmik şirkəti...
İstanbulda I Enerji Forumu çərçivəsində...
Nazir Rəşad Nəbiyev İsrailin nəqliyyat...
Prezident Ərdoğan: Bakıda keçirilən...