23 noyabr 2024, şənbə Bakı, 14°C
IMG-LOGO

BÇF-nin prezidenti: Dünya çempionatında bütün komandalar layiqincə mübarizə apardılar

16-06-2024

"Çox sevindirici haldır ki, ilk dəfə Azərbaycanda yaradılan Beynəlxalq Çövkən Federasiyasının (BÇF) bayrağı altında birinci rəsmi yarışda bütün komandalar layiqincə mübarizə apardılar".

Fhnews.az xəbər verir ki, bu sözləri federasiyanın prezidenti Bəhruz Nəbiyev Bakıda keçirilən çövkən üzrə dünya çempionatının mükafatlandırma mərasimindən sonra jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, ötənilki mundialda iştirak edən yığmalar bu il daha fərqli formatda çıxış edirdilər: "Onlar özlərini daha da təkmilləşdiriblər. Məni sevindirən məqam isə həm atların, həm idmançıların yarışı zədəsiz başa vurmalarıdır".

Qurumun növbədənkənar ikinci Baş Assambleyasının keçirildiyini diqqətə çatdıran B.Nəbiyev burada bir sıra vacib qərarların təsdiq olunduğunu vurğulayıb: "İclasda 2025-ci ildə qitə çempionatlarının keçirilməsi öz təsdiqini tapdı. Biz növbəti ildə Afrika, Avropa və Cənubi Amerikada bu cür turnirlərin keçirilməsinin şahidi olacağıq. 2026-cı ildə isə ikinci dünya çempionatı baş tutacaq. Bunun tarixi və məkanı barədə gələn il qərarlar qəbul edəcəyik. Bununla yanaşı, 2025-ci ildə Avropa çempionatı Polşada təşkil olunacaq. Həmin məkanda növbəti il üçün Beynəlxalq Çövkən Federasiyasının Baş Assambleyası baş tutacaq. Burada da bir sıra vacib qərarlar veriləcək".

BÇF-nin artıq 53 ölkədə fəaliyyət göstərəcəyini açıqlayan federasiya rəhbəri sayın artacağına ümid etdiyini söyləyib.

Qeyd edək ki, finalda Mərakeşi 2:0 hesabı ilə üstələyən Azərbaycan millisi dünya çempionu adına yiyələnib. Turnirdə Azərbaycanla yanaşı, Almaniya, Qazaxıstan, Küveyt, Malta, Mərakeş, Nigeriya, Polşa, Türkiyə və Özbəkistan komandaları mübarizə aparıb.

 

Paylaş: