23 noyabr 2024, şənbə Bakı, 13°C
IMG-LOGO

Bakı hava limanında sərnişin daşınması 33 faiz artıb

08-10-2024
IMG

Cari ilin ilk 9 ayında Heydər Əliyev Beynəlxalq Aeroportu 5,725 milyon sərnişinə xidmət göstərib ki, bu da 2023-cü ilin eyni dövrü ilə müqayisədə 33 faiz çoxdur (4,305 milyon sərnişin).

Heydər Əliyev Beynəlxalq Aeroportunun mətbuat xidmətindən verilən məlumata görə, bu göstəricilər Bakı hava limanının həm regional, həm də beynəlxalq səviyyədə əhəmiyyətini artırır, müasir və rahat səyahət imkanlarının genişlənməsini nümayiş etdirir.

Bu müddət ərzində Heydər Əliyev Beynəlxalq Aeroportundan 40 aviaşirkət tərəfindən 80-dən çox istiqamətə ümumilikdə 45 min 205 reys yerinə yetirilib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 25 faiz artım deməkdir. Genişləndirilən marşrutlar sərnişinlərə daha çox səyahət seçimləri təqdim edərək onların ümumi təcrübələrini təkmilləşdirib.

Beynəlxalq istiqamətlərdə sərnişinlərin 52 faizi və ya 2,680 milyon nəfəri məhz xarici aviaşirkətlərin xidmətlərindən istifadə edib. Ən populyar beynəlxalq istiqamətlər arasında İstanbul, Moskva, Tbilisi, Dubay, Əbu-Dabi və Dehli şəhərləri üstünlük təşkil edib. Bu istiqamətlər üzrə ümumilikdə 2,539 milyondan çox sərnişin daşınıb.

AZAL-ın ümumi sərnişin dövriyyəsi 41 faiz artaraq 3,054 milyonu keçib. Onlardan 2,467 milyonu beynəlxalq marşrutlarla daşınıb.

Naxçıvan istiqamətində isə artan uçuş tezliyinə qarşı sabit tələbat nümayiş olunub. Doqquz ayda bu marşrut üzrə sərnişin axını cəmi 6 faiz artaraq 567 min nəfərə çatıb. Uçuşların sayı isə həmin dövr ərzində 28 faiz artıb və 2651 reys yerinə yetirilib. Bakı-Naxçıvan istiqamətində hazırda orta hesabla gündəlik 12 reys təşkil olunur ki, bu da sərnişinlər üçün səyahət planlaşdırmasında daha çox çeviklik yaradır.

Qeyd edək ki, Heydər Əliyev Beynəlxalq Aeroportu gələcəkdə də sərnişinlər üçün təhlükəsizlik, rahatlıq və xidmət keyfiyyətini ön planda saxlayaraq innovativ həlləri tətbiq etməyə davam edəcək. Hva limanı beynəlxalq tərəfdaşlarla əməkdaşlığı genişləndirərək sərnişinlərə yeni istiqamətlər və daha geniş səyahət imkanları təqdim etməyə çalışır.

Paylaş: