Azərbaycanın milli standartlaşdırma sistemi beynəlxalq tələblərə uyğunlaşdırılır
Milli standartlaşdırma sisteminin beynəlxalq tələblərə uyğunlaşdırılmasına dair İşçi Qrupun növbəti iclası keçirilib.
Fhnews.az xəbər verir ki, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətindən verilən məlumata görə, görüşdə “Milli standartlaşdırma sisteminin beynəlxalq tələblərə uyğunlaşdırılmasına dair 2023-2025-ci illər üçün Dövlət Proqramı” üzrə tədbirlərin icra vəziyyəti, texniki tənzimləmə sisteminin elementləri və texniki reqlamentlərin strukturu barədə aidiyyəti dövlət orqanlarının nümayəndələri məlumatlandırılıb, müxtəlif mal kateqoriyalarının təhlükəsizliyinə dair texniki tənzimləmə üsulları müzakirə edilib.
Tədbirdə Dövlət Xidmətinin rəis müavini İlqar Həsənov və Nazirlər Kabinetinin nümayəndəsi Faiq Hüseynovun istehlak bazarlarının təhlükəli mallardan qorunması və sağlam rəqabət mühitinin inkişafında texniki tənzimləmə sisteminin əhəmiyyəti, o cümlədən bu sahədə dövlət siyasəti barədə çıxışları dinlənilib. Daha sonra iş planından irəli gələn tədbirlərin icrası ilə bağlı mövcud vəziyyət, müvafiq sahədə Avropa, Türkiyə və Müstəqil Dövlətlər Birliyi (MDB) ölkələri də daxil olmaqla, beynəlxalq təcrübənin tətbiqi imkanları müzakirə olunub.
İş planında səlahiyyətli dövlət orqanları tərəfindən müxtəlif mal kateqoriyalarının təhlükəsizliyinə dair 35 milli texniki reqlamentin hazırlanması nəzərdə tutulub. Bu reqlamentlər ilkin mərhələdə əhali tərəfindən ən çox istehlak olunan yuyucu vasitələr, yanacaq və yüngül sənaye məhsulları, tütün məmulatları və qeyri-qida sənaye mallarını əhatə edəcək.
Bundan əlavə, İşçi qrupun iclasında Dövlət Xidməti tərəfindən hazırlanan "Oyuncaqların təhlükəsizliyi haqqında" milli texniki reqlament layihəsinin təqdimatı olub. Təqdimat zamanı oyuncaqlar üzrə gigiyenik, kimyəvi, radioaktiv, fiziki-mexaniki və alışqanlıq xassələrinə dair təhlükəsizlik tələbləri barədə məlumat verilib, o cümlədən layihə üzərindən texniki reqlamentlərin strukturu diqqətə çatdırılıb.
Sonda texniki reqlamentlərin əsas texniki tələblərini əks etdirən istinad standartlarının qəbulunun önəmi dövlət orqanlarının nümayəndələrinin diqqətə çatdırılıb.
“Milli standartlaşdırma sisteminin beynəlxalq tələblərə uyğunlaşdırılmasına dair 2023–2025-ci illər üçün Dövlət Proqramı” Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 23 yanvar tarixli 3721 nömrəli Sərəncamı ilə təsdiq olunub. Dövlət Proqramı milli texniki reqlamentlərin qəbulu, texniki tənzimləmə sahəsində normativ hüquqi bazanın təkmilləşdirilməsi, bu istiqamətdə müasir laboratoriya şəbəkəsinin qurulması, istehsal prosesi, keyfiyyətin qiymətləndirilməsi və xidmət sferasının təşkilinə dair mühüm sahələri əhatə edir.
COP29 zolaqlarında yol nişanlarının...
COP29: İsrailin aerokosmik şirkəti...
İstanbulda I Enerji Forumu çərçivəsində...
Nazir Rəşad Nəbiyev İsrailin nəqliyyat...
Prezident Ərdoğan: Bakıda keçirilən...