23 noyabr 2024, şənbə Bakı, 13°C
IMG-LOGO

Azərbaycanda “Halal” sertifikatın təqdim edilməsinə başlanılır

09-10-2024
IMG

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyində olan Azərbaycan Standartlaşdırma İnstitutunun “AZSTANDART Halal” Sertifikatlaşdırma Orqanı Türkiyə Respublikasının Halal Akkreditasiya Qurumu (HAK) tərəfindən akkreditasiya olunub. Beləliklə, AZSTANDART beynəlxalq akkreditasiya tələblərinə cavab verən “Halal” sertifikatını təqdim etmək hüququnu əldə edib.

Azərbaycan Standartlaşdırma İnstitutundan verilən məlumata görə, “Halal” sertifikatının verilməsində əsas məqsəd istehsal olunan məhsul, xidmət və idarəetmə sistemlərində müvafiq qaydaların tətbiqi və istifadəsinə şəraitin yaradılması, istehlakçıların halal məhsullar üzrə tələb və gözləntilərinin təmin edilməsi və həmin məhsullarla bağlı etimadın formalaşdırılması, eləcə də halal məhsulların dövriyyəsinin stimullaşdırılmasıdır.

Qeyd edək ki, 2022-ci ildən etibarən Azərbaycan Respublikasının İslam Ölkələrinin Standartlaşdırma və Metrologiya təşkilatında (SMIIC) üzvlüyü təmin edilib. AZSTANDART tərəfindən SMIIC-in 17 standartlaşdırma üzrə texniki komitəsində təmsilçilik həyata keçirilir. Bugünədək AZSTANDART tərəfindən halal məhsullar və xidmətlərlə bağlı SMIIC standartları əsasında 6 yeni dövlət standartı qəbul edilib, 23 əməkdaş SMIIC, Halal Akkreditasiya Qurumu (HAK), Türk Standartlar İnstitutu (TSE) və digər nüfuzlu qurumların təşkil etdiyi təlimlərdə iştirak edərək halal sertifikatlaşdırma və ISO 22000:2018 "Qida təhlükəsizliyi idarəetmə sistemi" beynəlxalq standartı üzrə beynəlxalq səviyyədə tanınan baş auditor sertifikatlarını əldə edib.

Paylaş: