Azərbaycanda istifadədə olan ödəniş kartlarının sayı 18,5 milyonu ötüb
Media Təhlil Mərkəzi (MTM) Mərkəzi Bankın cari ilin avqust ayının sonu ilə bağlı açıqladığı göstəricilər əsasında apardığı təhlilə görə, ölkədə istifadədə olan ödəniş kartlarının sayı 18,5 milyonu ötüb.
MTM-dən verilən məlumata görə, son bir ildə ölkədə ödəniş kartlarının sayı 18,5 faiz və ya 2,9 milyon ədəd artıb.
Xatırladaq ki, 2023-cü ilin sonunda ölkədə istifadədə olan ödəniş kartlarının sayı 16,9 milyon təşkil edirdi və bu, 2022-ci ilin sonuna olan göstərici ilə müqayisədə 24,2 faiz və ya 3,29 milyon ədəd çox idi. Məlumatda qeyd edilib ki, 2020-ci ilin yekununda Azərbaycanda istifadədə olan kartların sayı 9,6 milyon idi və hazırki rəqəmlərlə müqayisədə 2 dəfəyə yaxın azlıq təşkil edirdi.
Bu ilin avqust ayının sonuna olan göstəricilərə görə, Azərbaycanda istifadədə 16,28 milyon debet, 2,28 milyon isə kredit kartı var. Debet kartların sayı son bir ildə 19,6 faiz və ya 2,67 milyon ədəd artıb. Kredit kartlarının sayında isə son bir ildə 10,9 faiz və ya 225 min artım qeydə alınıb. Hər iki növ üzrə hər il artım qeydə alınsa da, ümumilikdə debet kartların sayı daha sürətlə artır. Bu isə həm əməkhaqqı, pensiya və digər ödənişlər üçün ayrılan kartların məhz debet kart olması, həm də bu kartları əldə etmək üçün şərtlərin kredit kartları ilə müqayisədə daha asan olması ilə bağlıdır. Daha dəqiq desək, kredit kartlarının alınması üçün banklar tərəfindən gəlir yeri tələb olunursa, debet kartlar üçün belə bir tələb qoyulmur.
Rəsmi rəqəmlərə görə, son 10 ildə ölkədə istifadədə olan ödəniş kartlarının sayı 3,2 dəfə və ya 12,7 milyon ədəd, son 5 ildə isə 2,5 dəfə və ya 11,1 milyon ədəd artıb. Bu da o deməkdir ki, 2019-cu ilin avqust ayının sonunda ölkədə ödəniş kartlarının sayı 7,46 milyona bərabər olub. 2021-ci ilin avqust ayının sonunda Azərbaycanda dövriyyədə olan ödəniş kartlarının sayı 10,66 milyona, 2023-cü ilin avqust ayının sonunda isə 15,66 milyona bərabər olub. Cari ilin avqust ayının sonunda isə ölkədə istifadədə olan kartların sayı 18,5 faiz və ya 2,9 milyon ədəd artaraq 18 567 099 ədəd təşkil edib.
Aparılan təhlil göstərir ki, Azərbaycanda nağdsız əməliyyatların həcmi hər il sürətlə artır. Buna əsas səbəb bankların nağdsız ödənişlər zamanı müəyyən keşbeklər təklif etməsi, həmçinin “ƏDV geri al” üzrə nağdsız ödənişlərə daha çox faiz tətbiq edilməsidir. 2023-cü ildə nağdsız əməliyyatların həcmi 49,04 milyard manat təşkil edib ki, bu 2022-ci ilin göstəriciləri ilə müqayisədə 101,3 faiz (2 dəfədən çox) və ya 24,7 milyard manat çoxdur. 2024-cü ilin ilk 8 ayında isə ödəniş kartları ilə aparılan nağdsız əməliyyatların həcmi 48,8 milyard manata çatıb. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə 69,2 faiz və ya 19,96 milyard manat çox deməkdir.
Son illər ödəniş kartlarında olan vəsaitin istifadəsi ilə bağlı göstəricilərə diqqət etsək, burada nağdlaşdırmanın payının illər üzrə aşağı düşdüyünü görə bilərik. Belə ki, 2020-ci ildə kartlarda olan vəsaitin 77,32 faizi nağdlaşdırılıbsa, bu göstərici cari ilin ilk 8 ayında 36,9 faizə bərabər olub. Vəsaitin qalan 63,1 faizi isə nağdsız ödənişlərə sərf olunub.
Cənubi Qafqaz ölkələrinin Mərkəzi Bankları tərəfindən açıqlanan rəsmi rəqəmlər göstərir ki, Azərbaycan ödəniş kartlarının sayına (18 567 099 ədəd) görə digər ölkələri geridə qoyub. Son bir ildə Gürcüstanda istifadədə olan ödəniş kartların sayı 10,3 faiz və ya 865,4 min artsa da, cari ilin avqust ayının sonunda bu rəqəm 9,3 milyon ədəd təşkil edib. Cari ilin iyun ayına olan son məlumata görə, Ermənistanda ödəniş kartlarının sayı 3,96 milyona bərabər olub və bu rəqəm ötən ilin iyun ayı ilə müqayisədə 14,4 faiz və ya 499 min çoxdur. Son məlumatlar əsasında aparılan hesablamaya görə, Azərbaycan və Ermənistanda adambaşına düşən kart sayı 1,8-ə, Gürcüstanda isə 2,5-ə bərabərdir.
COP29 zolaqlarında yol nişanlarının...
COP29: İsrailin aerokosmik şirkəti...
İstanbulda I Enerji Forumu çərçivəsində...
Nazir Rəşad Nəbiyev İsrailin nəqliyyat...
Prezident Ərdoğan: Bakıda keçirilən...