23 noyabr 2024, şənbə Bakı, 13°C
IMG-LOGO

Azərbaycanda Beynəlxalq Konqres və Konvensiya Assosiasiyasının tədbiri keçiriləcək

10-01-2024

Bu il oktyabrın 3-5-də Azərbaycanda Beynəlxalq Konqres və Konvensiya Assosiasiyasının (ICCA) konqresi keçiriləcək.

Fhnews.az xəbər verir ki, Maliyyə Nazirliyindən verilən məlumata görə, "Bakı Konqres Mərkəzi" MMC Banqkokda keçirilən 62-ci Beynəlxalq Konqres və Konvensiya Assosiasiyası Konqresində namizədliyini irəli sürdüyü “ICCA Venue Business Workshop International 2024”ün qalibi olub. Beləliklə, "Bakı Konqres Mərkəzi" Assosiasiyanın müxtəlif ölkələrdən olan 15-ə yaxın üzvünü və onların müştərilərini bir araya gətirəcək beynəlxalq tədbirə ev sahibliyi edəcək. Tədbir çərçivəsində 121 işgüzar görüşün keçirilməsi nəzərdə tutulur.

ICCA 100-ə yaxın ölkə və regionda 1100-dən çox üzvü ilə beynəlxalq görüşlər və tədbirlərin idarə edilməsi və keçirilməsində aparıcı çətir təşkilatlarından biridir. Assosiasiya üzvləri arasında əməkdaşlığı və ünsiyyəti artırmaqla şəbəkələşmə, bilik mübadiləsi və biznesin inkişafı üçün əvəzolunmaz bir platforma rolu oynayır.

Assosiasiyanın təşkil etdiyi “ICCA Venue Business Workshop International” dünyanın hər yerindən peşəkarları, qərar qəbul etməkdə həlledici rolu olan şəxsləri və düşüncə liderlərini bir araya gətirən qlobal görüşlər sahəsində əlamətdar tədbirdir.

"Bakı Konqres Mərkəzi"nin direktoru Ramin Qazızadə bildirib ki, mərkəzin bu əhəmiyyətli tədbirin keçiriləcəyi məkan kimi seçilməsi, ölkəmizin beynəlxalq tədbirlərə ev sahibliyi etmək sahəsində özünə yetərincə müsbət imic qazandığının göstəricisidir. O qeyd edib ki, vörkşop tədbirlərin keçirilməsi üçün böyük əhəmiyyət kəsb edir, iştirakçılara bu sahənin qabaqcıl şəxsləri ilə əlaqə yaratmaq, fikir mübadiləsi aparmaq və yeni tendensiyaları araşdırmaq üçün fürsət yaradır.

Paylaş: