Azərbaycan Yazıçılar Birliyinin 90 illik yubileyi təntənəli şəkildə qeyd olunub
Beynəlxalq Muğam Mərkəzində Azərbaycan Yazıçılar Birliyinin (AYB) 90 illiyinə həsr olunan ədəbi-bədii gecə təşkil edilib.
Fhnews.az AMEA-ya istinadən xəbər verir ki, müxtəlif ölkələrin tanınmış qələm adamlarının, Azərbaycanın görkəmli şair və yazıçılarının iştirak etdiyi tədbirdə əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, torpaqlarımızın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Yubiley gecəsini giriş nitqi ilə AYB-nin katibi, şair, tərcüməçi Səlim Babullaoğlu açıb. O, AYB-nin XX əsr Azərbaycan tarixində misilsiz rolundan danışıb, qurumun yubileyinin ilk dəfə bütöv Azərbaycanda keçirilməsini tarixi hadisə adlandırıb.
AYB-nin fəaliyyətinin Ümummilli Lider Heydər Əliyev tərəfindən yüksək qiymətləndirildiyini deyən Səlim Babullaoğlu Birliyin onun qarşısına qoyulan missiyanı böyük uğurla yerinə yetirdiyini bildirib.
Sonra AYB-nin sədri Xalq yazıçısı Anar çıxış edərək 1937-ci il repressiya qurbanlarının xatirəsini yad edib, onların nakam talehlərindən söhbət açıb. AYB-nin 90 illik keşməkeşli və şərəfli tarixi, yazıçı-şairlərimizin fəaliyyəti, ədəbiyyatımızın inkişafı barədə fikirlərini bölüşən Xalq yazıçısı Anar müstəmləkəçilik dövründə Azərbaycan dilinin yaşadılmasında, təbliğində yazıçı-şairlərin böyük rolunu vurğulayıb. O, Ulu Öndər Heydər Əliyev siyasətinin layiqli davamçısı Prezdent İlham Əliyevin ölkəyə rəhbərlik etməyə başladığı ilk günlərdən ədəbiyyatımıza, mədəniyyətimizə xüsusi diqqət və qayğı göstərdiyini deyib.
Xalq yazıçısı Anar AYB-nin yubileyi ilə əlaqədar ölkəmizə müxtəlif türk dövlətlərindən qonaqların təşrif buyurduğunu söyləyib, qonaqlarla birgə ötən üç gün ərzində Şuşadakı səfərin təəssüratını bölüşüb. O, Ali Baş Komandanın və şanlı ordumuzun şücaəti nəticəsində Şuşanın, bütöv Qarabağın azadlığının böyük tarixi səadət olduğunu vurğulayıb.
AMEA-nın prezidenti akademik İsa Həbibbəyli isə çıxışında AYB-nin keçdiyi yola nəzər salıb, qurumun ölkəmizdə ədəbiyyatın və ədəbiyyatşünaslığın inkişafında, eləcə də yazıçılar nəslinin yetişməsində müstəsna xidmətləri olduğunu bildirib.
Akademik İsa Həbibbəyli qeyd edib ki, Azərbaycan Yazıçılar Birliyi daim Azərbaycançılıq ideologiyasına şərəflə və məsuliyyətlə xidmət edib və xalqımızın ən görkəmli yazıçıları bu quruma rəhbərlik ediblər. Sovet hakimiyyətinin ən sərt illərində belə AYB ədəbiyyatımızı, milli kimliyimizi, ana dilimizi qorumaq üçün əsl qəhrəmanlıq nümayiş etdirib.
Xalq yazıçısı Anarın Azərbaycan Yazıçılar Birliyinə sədrliyini yüksək qiymətləndirən akademik İsa Həbibbəyli onun AYB-ni öz fəaliyyətində yeni mərhələyə qaldırdığını, Azərbaycan ədəbiyyatının keşiyində dayandığını, eləcə də yazıçı və şairlərimizin yeni nəslinin yetişməsində mühüm işlər gördüyünü vurğulayıb. O, həmçinin AMEA ilə AYB-nin arasındakı sıx əlaqələrdən bəhs edib.
Daha sonra mədəniyyət nazirinin müavini Fərid Cəfərov nazir Adil Kərimlinin adından yazıçı və şairləri 90 illik yubiley münasibətilə təbrik edib, xoş arzularını çatdırıb. Nazir müavini tədbirdə türk dövlətlərindən gələn qonaqların iştirakını ədəbi-mədəni əlaqlərin inkişafı baxımından yüksək qiymətləndirib.
AYB-nin birinci katibi Xalq yazıçısı Çingiz Abdullayev indiyə qədər birliyin sədri olmuş görkəmli şəxsiyyətlərin üzləşdiyi haqsızlıqlardan danışıb. O, həmçinin Birinci Qarabağ savaşında övladı şəhid olmuş 11 yazıçı-şairin xatirəsini ehtiramla yad edib.
Tədbirdə Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulova, TÜRKSOY-un sabiq Baş katibi Düsen Kaseinov, məşhur türk şairi Ataol Bəhramoğlu, Türkiyənin “Elm və Ədəbiyyat Əsəri Sahibləri” İctimai Birliyinin (İLESAM) sədri Mehmet Nuri Parmaksız, “Türk Ədəbiyyatı” dərgisinin baş redaktoru İmdat Avşar, qırğızıstanlı şair Joldokbek Monoldorov, Özbəkistan Yazıçılar Birliyinin sədr müavini Minhaciddin Mirzo, AYB-nin Ağsaqqallar şurasının sədri Xalq şairi Nəriman Həsənzadə, Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktoru akademik Rafael Hüseynov, Xalq şairi Sabir Rüstəmxanlı, AYB-nin katibi yazıçı Elçin Hüseynbəyli çıxış edərək təbriklərini çatdırıblar.
Yubiley tədbirində AYB-nin katibi İlqar Fəhmi, “Ulduz” jurnalının baş redaktoru Qulu Ağsəs, Milli Məclisin Mədəniyyət komitəsinin eksperti Əkbər Qoşalı şeirlərini səsləndiriblər.
AYB sədrinin müşaviri şair Sayman Aruz o taylı-bu taylı ədəbiyyatımızın ağrılarından, Araz boyda həsrətin ədəbiyyatımızdakı inikasından, Azərbaycanda yazıb-yaratmış güneyli yazıçı-şairlərdən bəsh edib.
Tədbir əbədi-bədii hissə ilə davam edib.
Moskvada Beynəlxalq Ədəbiyyat Forumu...
Azərbaycan ilə Braziliya arasında turizm...
“COP29 - İqlim, Planet və Biz” kitabının...
Azərbaycanın turizm imkanları...
Regionlarda turizm sənayesi...