Azərbaycan millisi ardıcıl ikinci dəfə çövkən üzrə dünya çempionatının qalibi olub
Bakıda keçirilən çövkən üzrə dünya çempionatına yekun vurulub.
Fhnews.az xəbər verir ki, Binə Atçılıq Mərkəzində təşkil olunan turnirdə üçüncü yer uğrunda görüş və final oyunu baş tutub.
Gərgin idman mübarizəsi şəraitində keçən günün ilk matçında Nigeriya Özbəkistan seçməsini 3:1 hesabı ilə məğlub edərək bürünc medala sahib çıxıb. Qarşılaşmada Abdulmalik Badamasi (2), Yusuf Bello və İmom Şerdonov fərqlənməyi bacarıblar.
Finalda Mərakeşi 2:0 hesabı ilə üstələyən Azərbaycan millisi isə dünya çempionu adına yiyələnib. Rəqib komandanın qapısından qolları Elçin Camallı (2) keçirib.
Mundialın bombardiri də 10 qolla E.Camallı olub.
Sonda turnir iştirakçılarının və hakimlər briqadası üzvlərinin mükafatlandırma mərasimi təşkil olunub. İlk üç yeri tutan milli komandalar müvafiq olaraq, qızıl, gümüş və bürünc medallar, fəxri diplom, dünya çempionu olan Azərbaycan yığması isə kubokla təltif edilib.
Mükafatçılara medalları Azərbaycan Respublikası Atçılıq Federasiyasının prezidenti Elçin Quliyev, Beynəlxalq Çövkən Federasiyasının prezidenti Bəhruz Nəbiyev və qurumun nümayəndələri təqdim ediblər.
Bununla da Azərbaycan millisi ardıcıl ikinci dəfə çövkən üzrə dünya çempionatının qalibi olub.
Turnirdə Azərbaycanla yanaşı, Almaniya, Qazaxıstan, Küveyt, Malta, Mərakeş, Nigeriya, Polşa, Türkiyə və Özbəkistan komandaları mübarizə aparıb.
Bakıda COP29 çərçivəsində veloyürüş...
Bakıda idman gimnastikası üzrə ölkə...
Azərbaycanın güllə atıcısı Qran-Pridə...
Avropa Klublar Birliyinin iclasında...
Azərbaycan güləşçilərinin U-23 dünya...