23 noyabr 2024, şənbə Bakı, 13°C
IMG-LOGO

Azərbaycan bütün dünyada sülh və birgəyaşayışı təşviq edir

12-09-2024
IMG

Bütün dünya etiraf edir ki, Azərbaycan müxtəlif dini etiqad və etnik mənsubiyyətə malik insanların harmoniya və sülh şəraitində bir ailə kimi yaşadığı çoxmillətli, çoxkonfessiyalı dövlətdir. Çünki məhz Azərbaycanın rəhbərliyi və təşəbbüsü ilə Bakı son illərdə çoxsaylı beynəlxalq tədbirlərə ev sahibliyi edib. Beynəlxalq Humanitar forumlar, Mədəniyyətlərarası Dialoq forumları, BMT-nin Svilizasiyalar Alyansının 7-ci Qlobal Forumu, dünya dini liderlərinin sammitləri Azərbaycanın multikulturalizmə və tolerantlığa həm də bəşəri hadisə kimi yanaşdığını göstərir.

Fhnews.az xəbər verir ki, bu barədə Media Təhlil Mərkəzi (MTM) Analitik Qrupunun hazırladığı “Azərbaycan bütün dünyada sülh və birgəyaşayışı təşviq edir” sərlövhəli məqalədə bildirilib. Qeyd olunub ki, Vətən müharibəsi dövründə Ermənistan dəfələrlə xristian təəssübkeşliyindən istifadə edib dəstək qazanmağa, din amilindən yararlanaraq Azərbaycanın haqq işinə kölgə salmağa çalışdı və bu işə ermənilərin siyasi dairələri ilə yanaşı, din xadimləri də fəal qoşulmuşdu. Onlar mütəmadi olaraq müxtəlif dini mərkəzlərə və onların rəhbərlərinə Azərbaycan haqqında böhtan xarakterli məktublar ünvanlayırdılar. Ancaq o müraciətlərin heç birinə reaksiya verilmədi. Çünki müraciətlərin ünvanlandığı liderlər və dini mərkəzlər ölkəmizdəki proseslərdən, Azərbaycan Prezidentinin, hökumətinin və xalqının dinlərə, dini abidələrə münasibətindən yaxşı xəbərdar idilər. Ermənistanın əlləri hər yerdən üzüləndə bu dəfə bütün dünyanı yeni süni problemə kökləməyə cəhd etməyə - Qarabağdakı xristian abidələrinin guya təhlükədə olması ilə bağlı təxribat xarakterli məlumatlar yaymağa başladı. Lakin bu da səmərəsiz oldu, Azərbaycanın beynəlxalq səviyyədə tolerantlığa və multikulturalizmə olan böyük dəstəyi bu cür mənasız manipulyasiyaların da qarşısını uğurla aldı. Çünki beynəlxalq ictimaiyyət bəşəriyyətin dini-mədəni incilərinə Azərbaycanın münasibətini yaxşı bilir. Hətta Roma Papası Fransisk 2016-cı ildə Bakıda olanda bəyan etmişdi ki, Azərbaycan müxtəlif mədəniyyətlər və dini konfessiyalar arasında əməkdaşlığın hökm sürdüyü məkandır. Bu fikir özlüyündə Azərbaycanın dinlərarası və mədəniyyətlərarası prosesdəki rolunu təsdiqləyən, onu nümunə göstərən əhəmiyyətli bəyanat idi.

Bildirilib ki, Azərbaycan nəcib missiyasını bu gün də davam etdirir. Heydər Əliyev Fondunun Müqəddəs Pavel Bazilikasının bərpasında iştirakı deməyə əsas verir ki, Azərbaycan mədəni-dini müxtəliflik siyasətinə sadiqdir və bu ənənələr keçmişdə olduğu kimi, bu gün də dövlət siyasətinin mühüm tərkib hissəsidir. 1980-ci ildən UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilən və Vatikanın ən böyük abidələrindən olan Müqəddəs Pavel Bazilikasının bərpası ilə bağlı Heydər Əliyev Fondu ilə Vatikan şəhəri dövləti üzrə qubernatorluğu arasında imzalanan müqavilə Azərbaycanın xristian dünyasına tövhəsi olmaqla, dünyadakı müxtəlif dini təşkilatlarla əlaqələri daha da gücləndirməyə xidmət edən mühüm hadisədir. Məhz bu hadisə hələ 2012-ci ildə Vatikanda öz sərgisini keçirərək ilk müsəlman ölkəsi kimi tarixə düşən Azərbaycanın dinlərarası həmrəyliyin əldə olunmasındakı tarixi missiyasının uğurlu davamı hesab edilə bilər. Ölkəmizin dini-mənəvi bütövlüyünün qorunması sahəsində tarix boyu qazandığı təcrübə, formalaşmış dövlət siyasəti və beynəlxalq səviyyədə atılan addımlar bəşəriyyətin gələcəyinin sülh və birgəyaşayışdan keçdiyini təsdiqləyir.

Azərbaycan həm dövlət səviyyəsində, həm də Heydər Əliyev Fondunun xətti ilə indiyə qədər bir sıra dinlərə mənsub yerli və beynəlxalq səviyyədə abidələrin bərpasında, həmçinin qorunmasında uğurla iştirak edib. Məsələn, Bakı və Azərbaycan Yeparxiyası üçün Pravoslav Dini-Mədəniyyət Mərkəzi inşa olunub. Müqəddəs Məryəm kilsəsinin inşası Heydər Əliyev Fondunun “Tolerantlığın ünvanı - Azərbaycan” layihəsi çərçivəsində reallaşdırılıb. Qəbələdəki Çotari Alban-udi və Bakıdakı Pravoslav kilsələri təmir edilib. Qəbələnin Nic qəsəbəsindəki Müqəddəs Məryəm Ana Alban kilsəsi də Heydər Əliyev Fondu tərəfindən bərpa edilib.

Diqqətə çatdırılıb ki, bundan başqa, Azərbaycan beynəlxalq miqyasda da xristian irsinin qorunmasına mühüm töhfələr verib. Vatikanda yerləşən Müqəddəs Marçellinio və Pietro katakombaları Heydər Əliyev Fondu ilə Müqəddəs Taxt-Tac arasında imzalanmış saziş çərçivəsində bərpa olunub və bu, xristian dünyasında ilk hadisə idi ki, müsəlman ölkəsi xristian abidələrinin qorunması ilə bağlı Vatikanın müraciətinə müsbət cavab vermişdi. Azərbaycan Parisdəki Luvr muzeyinin İslam mədəniyyəti bölməsinin yenidən qurulmasına, Strasburq Kafedral kilsəsinin bərpasına, Romada Kapitolini Muzeyinin “Filiosoflar zalı”nın təmirinə maliyyə vəsaiti ayırıb. Ümumiyyətlə, bu cür numunələr olduqca çoxdur və bütün bunların müqabilində Qərbin Ermənistanın təhriki ilə Qarabağdakı xristian abidələrinin taleyi ilə bağlı narahatlığı başadüşülən deyil. Halbuki indi kilsə dərdində olanlar düşünmürlər ki, 30 illik işğal dövründə Ermənistan Qarabağ və ətrafındakı rayonlarda mövcud olan məscidlərimizi tamamilə dağıdıb, Azərbaycan xalqının, ümumiyyətlə bütün müsəlman dünyasının dini hislərini ən ağır formada təhqir edib. Qəribəsi odur ki, onlar təkcə müsəlman dini ocaqlarına qarşı deyil, xristianlığın digər təriqətlərinə aid məbədləri də yerlə yeksan ediblər. Yəqin ki, ermənilərin vaxtaşırı üz tutduqları dairələr onların Xocavənd rayonunda inşa edilmiş və 1894-cü ilə aid Rus Pravoslav Kilsəsini necə dağıtdığından xəbərdardır. Onlar onu da yaxşı bilirlər ki, erməni kilsəsisi müsəlman və digər qeyri-xristian qruplara qarşı dözümsüzlük, xüsusilə müsəlmanlara və azərbaycanlılara qarşı kəskin düşmənçilik şəraitində fəaliyyət göstərir. Dövlət siyasəti və cəmiyyətin bəzi seqmentləri bu dözümsüzlüyü davam etdirir, nəticədə dini azlıqların hüquqları məhdudlaşdırılır və onların mövcudluğu təhlükə altına düşür.

“Qurani-Kərim”də buyurulur: “Allahın məscidlərində onun, yəni Allahın adının çəkilməsinə maneçilik törədənlərdən və onların xarab edilməsinə çalışanlardan daha zalım kim ola bilər? Onları dünyada rüsvayçılıq, axirətdə isə böyük əzab gözləyir”. İncildə isə yazılır: “Kim Allahın məbədini məhv edirsə, Allah da onu məhv edəcək, çünki Allahın məbədi müqəddəsdir”.

Paylaş: