Azərbaycan badmintonçuları beynəlxalq turnirdə 9 medal qazanıblar
Azərbaycan badmintonçuları Türkiyənin Ankara şəhərində keçirilmiş “Türkdilli Dövlətlərin Beynəlxalq Badminton Turniri”ndə uğurla çıxış ediblər.
Fhnews.az xəbər verir ki, Azərbaycan Badminton Federasiyasından verilən məlumata görə, komandamız yarışı 9 medalla başa vurub. Yarışın son günündə 5 kateqoriya üzrə qaliblər müəyyənləşib.
5 kateqoriyadan 4-də finalda təmsil olunan badmintonçularımız 2 qızıl, 3 gümüş və 4 bürünc medal qazanıblar.
Kişi badmintonçuların şəxsi yarışında həlledici qarşılaşmada milli komandamızın lideri Edi Reski Dviçayo digər təmsilçimiz Diki Pangestuya qalib gəlib.
Edi-Diki tandemi kişi badmintonçuların qoşa yarışında da bütün rəqiblərini məğlub edərək fəxri kürsünün ilk pilləsində yer alıb.
Qarışıq qoşa kateqoriyasında yarışan Edi Reski Dviçayo və Keişa Fatimə Zəhra turniri gümüş medalla başa vurub. Keişa daha bir gümüş medalı qadın badmintonçuların şəxsi yarışında millimizin hesabına yazdırıb.
Bundan əlavə, Era Maftuha qadın badmintonçuların şəxsi yarışında, Diki Pangestu-Era Maftuha qarışıq qoşa, Leyla Camalzadə-Həcər Nuriyeva və Era Maftuha-Keişa Fatimə Zəhra qadınların qoşa mübarizəsində bürünc mükafata yiyələnib.
Azərbaycan Badminton Fedarasiyasının prezidenti Taleh Ziyadov fəxri qonaq qismində “Türkdilli Dövlətlərin Beynəlxalq Badminton Turniri”nin təltifetmə mərasimində iştirak edib.
Xatırladaq ki, türkdilli dövlətlər arasında ilk beynəlxalq turnir ötən il ölkəmizdə baş tutub. Şamaxı Olimpiya İdman Kompleksində Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi münasibətilə keçirilən yarışda ölkəmizlə yanaşı, Türkiyə, Qazaxıstan, Özbəkistan və Qırğızıstan badmintonçuları iştirak edib. Badmintonçularımız isə bu il olduğu kimi, həmin turnirdə də 9 medalla fərqlənib.
Bakıda COP29 çərçivəsində veloyürüş...
Bakıda idman gimnastikası üzrə ölkə...
Azərbaycanın güllə atıcısı Qran-Pridə...
Avropa Klublar Birliyinin iclasında...
Azərbaycan güləşçilərinin U-23 dünya...