Azad edilmiş ərazilərdə 150-dən çox abidəni hələlik inventarlaşdırmaq mümkün olmayıb
Azərbaycan Respublikası ərazisində dövlət mühafizəsinə götürülmüş daşınmaz tarix və mədəniyyət abidələrinin əhəmiyyət (dünya, ölkə və yerli) dərəcələrinə görə bölgüsü Nazirlər Kabinetinin 2001-ci il 2 avqust tarixli Qərarı ilə təsdiq edilib. Həmin qərarla o vaxt işğal altında olan ərazilər üzrə 705 tarix və mədəniyyət abidəsi dövlət qeydiyyatına alınmışdı.
2020-ci ildə işğaldan azad edilmiş, eləcə də 2023-cü ildə antiterror tədbirlərindən sonra nəzarətə götürülmüş ərazilərdə Mədəniyyət Nazirliyi tərəfindən tarix və mədəniyyət abidələrinin inventarlaşdırılması aparılıb. Prezidentin 2020-ci il 29 oktyabr tarixli Fərmanının müvafiq bəndinə uyğun olaraq, görülən işlər nəticəsində 196-sı Şuşa şəhərində olmaqla ümumilikdə 542 abidənin, eləcə də 368 tarixi, memarlıq və arxeoloji əlamət kəsb edən obyektin inventarlaşdırılması həyata keçirilib.
Fhnews.az xəbər verir ki, Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Səbinə Hacıyevanın bildirdiyinə görə, dövlət mühafizəsində olan 705 abidədən 163-ündə inventarlaşdırılma işlərinin aparılması mümkün olmayıb. Həmin abidələrin əksəriyyəti təhlükəsizlik baxımından riskli, yaşayış məntəqələrindən kənar, yüksək dağlıq və meşəlik ərazilərdə yerləşir. Həmçinin arxeoloji abidələrin yerlərinin müəyyənləşdirilməsi üçün yetərli məlumatların olmaması, eləcə də işğaldan əvvəlki dövrlərə aid siyahılarda abidələrin ünvanlarının dəqiq göstərilməməsi inventarlaşdırılma işlərində çətinlik törədir. 2020-ci və 2023-cü illərdə Dövlət Xidməti tərəfindən həyata keçirilən inventarlaşdırma işlərinin nəticələrinə əsasən, ilkin mərhələdə 300-dən çox tarix və mədəniyyət abidəsinin vəziyyətinin təhlili nəticəsində məlum olub ki, dövlət qeydiyyatında olan 51 abidə tamamilə dağılıb, 120-dən çox abidə isə qismən dağılıb və ya qəzalı vəziyyətdədir. Bu statistik rəqəmlər ilkin nəticələrdir və müvafiq işlər davam etdirilir.
Moskvada Beynəlxalq Ədəbiyyat Forumu...
Azərbaycan ilə Braziliya arasında turizm...
“COP29 - İqlim, Planet və Biz” kitabının...
Azərbaycanın turizm imkanları...
Regionlarda turizm sənayesi...