23 noyabr 2024, şənbə Bakı, 13°C
IMG-LOGO

Avropa Ağırlıqqaldırma Federasiyasının prezidenti: Azərbaycanda bu idman növünün inkişafı üçün lazımi şərait yaradılıb

16-09-2024
IMG

Avropa Ağırlıqqaldırma Federasiyasının (EWF) prezidenti Antonio Konflitti Azərbaycan Ağırlıqqaldırma Federasiyasının (AAF) dəvəti ilə Bakıya səfərə gəlib.

AAF-ın mətbuat xidmətindən verilən məlumata görə, onun gəlişində məqsəd qurumlar arasında münasibətlərin sıxlaşdırılması, dostluq, əməkdaşlıq və tərəfdaşlıq əlaqələrinin möhkəmləndirilməsi, həmçinin ölkəmizin ağırlıqqaldırma infrastrukturu ilə yaxından tanış olmaq, gələcəkdə beynəlxalq yarışların təşkili potensialını dəyərləndirməkdir.

Konflitti ilk olaraq sentyabrın 14-15-də Şüvəlanda keçirilən ağırlıqqaldırma üzrə Azərbaycan çempionatını canlı izləyib. O, yarışların açılış və veteran ağırlıqqaldıranların təltifat mərasimində iştirak edib. Sonra Konflitti Şüvəlan qəsəbəsində yerləşən Ağırlıqqaldırma Mərkəzi ilə yaxından tanış olub. Burada ona yarış və məşq zalları, dərs, təlim, istirahət və yataq otaqları göstərilib, idman qurğusunun bütün imkanları barədə geniş məlumat verilib. Bildirilib ki, burada mütəmadi olaraq ölkədaxili yarışlar təşkil olunur, yığma komandalar təlim-məşq toplanışları üçün məhz buranı seçirlər.

EWF prezidenti həmin gün gənclər və idman naziri Fərid Qayıbovla görüşüb. Nazir ona ölkəmizdə idman sahəsində görülən işlər və qazanılan uğurlar barədə məlumat verib. Görüş zamanı ölkədə ağırlıqqaldırma idman növünün inkişafı istiqamətində görülən işlər, Avropa Ağırlıqqaldırma Federasiyası ilə əməkdaşlıq perspektivləri və digər məsələlər müzakirə olunub.

Növbəti gün Antonio Konflitti “ASK Arena”da yerləşən ağırlıqqaldırma üzrə yığma komandaların dayaq bazasında yaradılan şəraitlə tanış olub. Ona məlumat verilib ki, burada dünyanın ən güclü yığmalarının təlim-məşq toplanışı keçmək üçün bütün imkanlar var, məkan yeni avadanlıqlarla təmin edilib. Ərazidəki mehmanxanada idmançı və məşqçi heyətinin qalma şəraiti də qonaq üçün nümayiş etdirilib. Məlumat verilib ki, burada təlim-məşq toplanışı, qidalanma, istirahət, bərpa üçün bütün şərait qurulub, fəal istifadə edilir. Daxili və beynəlxalq kurslar və seminarlar üçün konfrans zalı və digər köməkçi otaqlar, böyük və kiçik futbol meydançaları da idmançı və digər mütəxəssislərin ixtiyarına verilib.

EWF prezidenti gördüklərindən razı qaldığını bildirib, Azərbaycanda ağırlıqqaldırma idman növünün inkişafı üçün bütün lazımi şəraitin yaradıldığını qeyd edib.

Antoni Konflittinin səfəri bu gün - sentyabrın 16-da başa çatıb.

Paylaş: