23 noyabr 2024, şənbə Bakı, 13°C
IMG-LOGO

Aqrar Sığorta Fondunda Şərab İstehsalçıları və İxracatçıları Assosiasiyasının üzvləri ilə görüş keçirilib

09-10-2024
IMG

Aqrar Sığorta Fondunda Azərbaycan Şərab İstehsalçıları və İxracatçıları Assosiasiyasının (AŞİİA) nümayəndələri ilə görüş keçirilib.

Fonddan verilən məlumata görə, görüşdə üzüm bağlarının çoxsaylı risklərdən sığortalanması, bu sahədə mövcud risklərin daha dəqiq qiymətləndirilməsi, aqrar risklərin və məhsul itkisinin minimuma endirilməsi üçün təkliflər müzakirə olunub.

Fondun İdarə Heyətinin sədri Fuad Sadıqov bildirib ki, Aqrar Sığorta Fondu fəaliyyətini genişləndirməklə yanaşı, mövcud xidmətlərin təkmilləşdirilməsi, fermerlərin risklərinin daha yaxşı qorunması üçün yeniliklərin tətbiqi ilə bağlı işlər həyata keçirir.

Görüşdə AŞİİA-nın sədri Elçin Mədətov şərabçılıqla məşğul olan müəssisələrin öz üzüm bağlarına sahib olmasından və bu təsərrüfatlarda məhsuldarlığa və keyfiyyətə təsir edən risklərin iqlim dəyişiklikləri nəticəsində artmasından danışıb.

Onun sözlərinə görə, məhz bu baxımdan son illər üzüm bağlarının sığortalanması artıq zərurətə çevrilib.

Assosiasiyanın üzvləri olan şirkətlərin nümayəndələri üzüm əkinləri ilə bağlı bölgələrə xas aqrar risklər barədə məlumat verib, bu risklərin məhsuldarlığa, məhsul keyfiyyətinə və şərab istehsalına göstərdiyi təsirdən danışıblar.

Görüşdə bildirilib ki, Azərbaycanda təqribən 15 min hektar üzüm bağı mövcuddur. Bağların böyük hissəsi Şamaxı (2 min hektardan artıq), Cəlilabad (1440 hektar), Salyan (1126 hektar), Tovuz (1100 hektar), İsmayıllı (960 hektar), Samux (900 hektar), Göygöl (718 hektar) və Şəmkirdə (558 hektar) yerləşir.

Qeyd edək ki, Aqrar Sığorta Fondu hər il sığortanın əhatə etdiyi məhsul və risklər siyahısını, həmçinin tətbiq olunan güzəştləri artırmağı nəzərdə tutur. Bu baxımdan görüşdə səsləndirilən təkliflərin dəyərləndiriləcəyi və nəzərə alınacağı vurğulanıb.

Elçin Mədətov pandemiya dövründə durğunluq yaşayan şərab ixracında yenidən artım başladığını deyib. Bildirib ki, 2022-ci ildə ölkənin ümumi şərab ixracında 40 faiz, 2023-cü ildə isə 20 faizdən çox artım olub. Hazırda ölkənin şərab ixracı pandemiyadan əvvəlki həddə çatıb. Bu sahəyə yatırımlar, o cümlədən xarici investisiyalar artır.

Görüşdə üzüm bağlarının sığorta şərtləri, sığorta haqqının hesablanması, risklər barədə məlumat verilib. Aqrar Sığorta Fondu üzümçülük təsərrüfatlarına əsas risklərdən (dolu, yanğın, fırtına, şaxtavurma, 3-cü şəxslərin hərəkətləri, qasırğa, həmçinin doluvurma nəticəsində keyfiyyət itkisi, leysan (güclü yağış nəticəsində üzüm meyvələrində çatların yaranması), bitki xəstəlikləri və zərərvercilərin təsiri və s.) təminat verir.

Qeyd edilib ki, dolu vurmasından keyfiyyət itkisi sığortası meyvənin əmtəə görünüşünün korlanması nəticəsində qiymətinin aşağı düşməsinə görə fermerə dəyən zərəri qarşılayır.

Görüşdə bildirilib ki, 50 faizlik dövlət dəstəyi nəticəsində fermerlər üzüm bağlarını kiçik məbləğ ödəməklə sığorta edə bilərlər. Məsələn, Şamaxı rayonunda 25 ton (10 000 manatlıq) məhsul verən 1 hektar üzüm bağının baza zərfi üzrə sığorta haqqı 314 manatdır, fermer bu məbləğin yalnız yarısını – 157 manatını ödəyir, daha 157 manatı dövlət ödəyir.

Hazırda ölkə üzrə sığortalanmış üzüm sahələri isə son illər artaraq 293 hektardan 477 hektara çatıb.

Üzüm bağlarının ən çox sığortalandığı rayonlar Şamaxı, Tovuz, Siyəzən, Ağstafa və digər rayonlardır. İndiyədək üzüm sahələrində baş verən hadisələrə görə, fermer və təsərrüfatlara 160 min manata yaxın ödəniş edilib.

Görüşdə dəmyə ərazilərində salınan üzüm bağlarının sığortası, quraqlıqdan sığorta imkanları, bitki xəstəlikləri və zərərvericilərin əkin sahəsinə vurduğu zərərin, eləcə də bəzi bitki xəstəlikləri nəticəsində dəyən zərərlərin qarşılanması ilə bağlı fərqli yanaşmanın tətbiqi müzakirə edilib.

Üzüm bağları salınarkən idxal edilən və əkilən tinglərin düzgün bəyan edilməsi və rəsmiləşdirilməsi ilə bağlı məsələlər də müzakirə obyekti olub.

Görüşdə səslənən məlumatlar Assosiasiya üzvlərinin böyük marağına səbəb olub, onlar bu məsələlərlə bağlı öz təkliflərini səsləndiriblər.

Sonda üzüm bitkisinin sığorta şərtləri ilə bağlı təkliflərin hazırlanması qərara alınıb.

Paylaş: