23 noyabr 2024, şənbə Bakı, 13°C
IMG-LOGO

Ali Audit Orqanlarının Avropa Təşkilatının Ətraf Mühitin Auditi üzrə İşçi Qrupunun illik toplantısı keçirilib

03-10-2024
IMG

Bakıda Hesablama Palatasının ev sahibliyi ilə Ali Audit Orqanlarının Avropa Təşkilatının (EUROSAI) Ətraf Mühitin Auditi üzrə İşçi Qrupunun illik toplantısı keçirilib.

Fhnews.az xəbər verir ki, toplantıdan öncə tədbir iştirakçıları Fəxri xiyabanda xalqımızın Ümummilli Lideri Heydər Əliyevin əziz xatirəsini ehtiramla yad edib, məzarı önünə güllər düzüblər.

Sonra isə Şəhidlər xiyabanına gedərək ölkəmizin müstəqilliyi, ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini yad edib, məzarları önünə gül dəstələri qoyublar.

Tədbiri giriş sözü ilə açan Hesablama Palatasının sədri Vüqar Gülməmmədov işçi qrupun toplantısına ev sahibliyinin əhəmiyyətini vurğulayıb. O qeyd edib ki, ölkə Prezidentinin müvafiq Sərəncamına əsasən 2024-cü il ölkəmizdə “Yaşıl dünya naminə həmrəylik ili” elan edilib, eyni zamanda, cari ilin noyabrında BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının – COP29-un Bakıda keçirilməsi nəzərdə tutulur. Sədr bildirib ki, illik toplantının Bakıda məhz bu il keçirilməsi Hesablama Palatasının məsuliyyətini artırmaqla bu tədbirdən gözləntilərin reallaşması üçün toplantı iştirakçıları ilə birgə daha təsirli fəaliyyətləri zəruri edir.

Daha sonra sədr Hesablama Palatası tərəfindən aparılan ekoloji auditlər zamanı ortaya çıxan çağırışlara diqqət yetirib. Vüqar Gülməmmədov İqlim Skaneri təşəbbüsünün cari icra vəziyyəti barədə də məlumat verərək Hesablama Palatasının beynəlxalq cəmiyyətdə, o cümlədən Ali Audit Orqanları (AAO) cəmiyyətində ətraf mühit üzrə təşəbbüsləri aktiv şəkildə dəstəklədiyini vurğulayıb.

Çıxışının sonunda sədr bu toplantı timsalında tədbirlərin ətraf mühitlə bağlı məsələlərin gündəmdə qalmasına xidmət etməklə bu sahədəki problemlərin həllində audit institutunun rolunun artırılmasına töhfə verəcəyindən bəhs edib.

Tədbir işçi qrupun katibliyinin rəhbəri Polşa AAO-nun sədrinin çıxışı, habelə EUROSAI prezidentinin mesajı ilə davam edib.

Qeyd edək ki, toplantıda 19 ölkənin ali audit orqanının 50-dən çox nümayəndəsi iştirak edir. Toplantı zamanı beynəlxalq AAO ictimaiyyəti tərəfindən “Fəlakətlərə hazırlığın dəstəklənməsi”, “Ekstremal hadisələri başa düşmək, uyğunlaşmaq və təsirin azaldılması ilə bağlı fikirlər”, “Səhralaşma, meşə və çöl yanğınları ilə mübarizədə əlaqələndirilmiş audit”, “Milli parklarda yanğından mühafizə” və s. mövzularda müzakirələrin aparılması nəzərdə tutulur.

EUROSAI-ın Ətraf Mühitin Auditi üzrə İşçi Qrupu rəsmi olaraq EUROSAI-ın 1999-cu ildə keçirilmiş 4-cü Konqresinin qərarı ilə yaradılıb. Qrupun əsas məqsədi peşəkar əməkdaşlığı təşviq etmək və dəstəkləmək, bilik və təcrübə mübadiləsini təşviq etməkdir.

Paylaş: