23 noyabr 2024, şənbə Bakı, 13°C
IMG-LOGO

ADY Rusiya Nəqliyyat Universitetində təhsil alacaq tələbələrə təqaüd ayırıb

19-08-2024
IMG

"Azərbaycan Dəmir Yolları" QSC (ADY) Rusiya Nəqliyyat Universitetində (RNU) təhsil alacaq tələbələrə təqaüd ayırıb.

Fhnews.az bu barədə səhmdar cəmiyyətinə istinadən xəbər verir.

Məlumata görə, bu gün qurumda 2024-2025-ci tədris ili üzrə RNU-ya qəbul olunmuş və ADY-nin təqaüd proqramını qazanmış tələbələrlə görüş keçirilib. Görüş tələbələrin motivasiyasını artırmaq, onları qarşıda gözləyən imkanlar və məsuliyyətlər haqqında məlumatlandırmaq məqsədi daşıyıb. ADY rəhbərliyi tələbələrə yeni tədris ilində uğurlar diləyərək onlara yüksək akademik göstəricilər əldə etməklə yanaşı, həm də ölkəmizi layiqincə təmsil etməklə bağlı tövsiyələrini verib.

2023-cü ildə Moskvada Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş silsilə tədbirlər çərçivəsində Azərbaycanın Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə Rusiyanın Nəqliyyat Nazirliyi arasında əldə olunmuş razılaşmaya əsasən azərbaycanlı tələbələrin bu universitetdə təhsil almaları üçün geniş şərait yaradılıb, təqaüd proqramı təsis edilib.

Tələbələr RNU-da müxtəlif dərəcələr üzrə – bakalavr, spesialitet və magistratura pillələri üzrə rus dilində təhsil alacaqlar. Təhsilin forması əyanidir.

Əməkdaşlıq çərçivəsində ADY tərəfindən RNU-da təhsil alacaq tələbələr üçün aylıq təqaüdün ayrılması, gediş-gəliş üzrə aviabiletin alınması, qurumun xidmət sahələrində təcrübə proqramında iştirak və işlə təmin olunma imkanları yaradılır. RNU öz növbəsində azərbaycanlı tələbələrin illik təhsil haqlarını qarşılayır, yataqxana ilə təmin edir və rus dili baryerinin aradan qaldırılması üçün əlavə olaraq rus dili üzrə hazırlıq fakültəsinin imkanlarını təklif edir.

1896-cı ildə təsis edilmiş RNU hazırda multidissiplinar və təcrübə yönümlü universitet olaraq nəqliyyat və daşımalar sahəsində kadr hazırlığını təmin edən Rusiyanın ən böyük təhsil müəssisəsidir. Universitet inkişaf strategiyasını sənaye tərəfdaşları və elm mərkəzləri ilə sıx əməkdaşlıq çərçivəsində həyata keçirir.

Ümummilli Liderin məqsədyönlü siyasəti nəticəsində yüzlərlə azərbaycanlı gənc 1970-1985-ci illərdə RNU-da (keçmiş MIIT) nəqliyyat sektorunun müxtəlif sahələrində zəngin biliklərə yiyələnmək və sonradan bu bilikləri ölkəmizin nəqliyyat sisteminin inkişafında uğurla tətbiq etmək imkanı qazanıb.

Hazırki proqram da H.Əliyevin hələ sovet dönəmində əsasını qoyduğu regionun nəqliyyat sahəsində ən yaxşı universitetlərində yerli kadrların hazırlanması təşəbbüsünün davamı olaraq insan kapitalının inkişafına mühüm töhfələr verəcək.

Qlobal nəqliyyat dəhlizlərinin qovşağına çevrilən Azərbaycanda nəqliyyat üzrə yerli kadrların hazırlanması prioritet məsələdir. ADY bu təqaüd proqramının tərəfdaşı olmaqla ölkəmizin nəqliyyat sektorunda insan kapitalının inkişafına töhfə verməyi hədəfləyir və bu istiqamətdə yeni layihələr üzərində çalışır.

Paylaş: