12 mart 2025, çərşənbə Bakı, 5°C
IMG-LOGO

Qrenlandiyada görünməmiş buz daşqını

07-02-2025
IMG

Alimlər Şərqi Qrenlandiyada indiyə qədər qeydə alınmış ən böyük buzlaq göl daşqınlarından birini müşahidə ediblər. Katalina gölündə yığılan 3 trilyon litr ərimiş buz suyu həftələr ərzində buraxılaraq Edvard Beyli buzlaqının altında 25 kilometr uzunluğunda tunel yaradıb. Danimarkanın illik su istehlakının üç qatına bərabər olan bu qeyri-adi su kütləsi Qrenlandiyanın Scoresby Sound fyorduna axıb. 

Ekspertlər bildirirlər ki, bu nadir hadisə qlobal istiləşmənin təsiri ilə artan buzlaq daşqınlarının yaratdığı risklərə diqqət çəkir.

Danimarkanın Kopenhagen Universitetinin Niels Bohr İnstitutunun alimləri bu prosesi ilk dəfə peyk görüntüləri ilə real vaxt rejimində izləyiblər.

Araşdırmaya görə, Katalina gölü 20 il ərzində əriyən buz suları ilə dolub və su Edvard Beyli buzlaqının altında toplanıb. Zaman keçdikcə buzları yuxarı qaldıraraq nəhəng tunel yaradıb.

Belə qəfil buzlaqlı göl daşqınları elm aləmində “Glacial Lake Burst Floods” adlanır və son 30 ildə qlobal temperaturun artması ilə daha tez-tez baş verir. Tədqiqatçılar qeyd edirlər ki, belə buzlaq daşqınları xüsusilə Himalay dağları kimi əhalinin sıx məskunlaşdığı bölgələrdə dağıdıcı nəticələrə səbəb ola bilər.

2023-cü ildə aparılan araşdırmaya görə, dünyada 15 milyon insan belə qəfil daşqın təhlükəsi altında yaşayır. Buzlaq gölünün daşqınları böyük miqdarda enerji buraxır. Alimlərin fikrincə, Katalina gölündən axıdılan suyun hasil etdiyi enerji 22 gün ərzində tam gücü ilə işləyən dünyanın ən böyük atom elektrik stansiyasına bərabərdir.

Tədqiqatçılar vurğulayırlar ki, bu nəhəng gücün yaşıl enerji istehsalı üçün necə istifadə oluna biləcəyini araşdırmaq lazımdır. Lakin Qrenlandiyanın aşağı əhali sıxlığı və infrastrukturun olmaması bu cür təbii enerji resurslarından istifadəni çətinləşdirir.

Paylaş: